Dünyanın ən böyük saraymuzey kompleksi Topqapı FOTO


Digərləri 06 Okt 2019 22:15:00 309 0

Dünyanın ən böyük saraymuzey kompleksi  Topqapı  FOTO

Türkiyənin dünyaca məşhur tarixi yerlərindən biri də Topqapı Sarayıdır. Bu möhtəşəm tikilinin təməli Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəthindən sonra 1460-cı ildə qoyulub. İnşası 18 il davam edən Sarayın tikintisi 1478-ci ildə tamamlanıb. Son.az AZƏRTAC-a istinadən Topqapıdan hazırladığı fotoreportajı təqdim edir.

İstanbulun ən görkəmli yerlərindən biri olan Sarayburnunda yerləşən Topqapı sarayı 700 min kvadratmetrlik ərazini əhatə edir. Onun tikintisində Avropa mədəniyyətini özündə əks etdirən Barok və Osmanlı memarlıq nümunələrindən istifadə olunub.

Bu möhtəşəm sarayın 624 illik Osmanlı tarixində xüsusi yeri var. Topqapı Fatih Sultan Mehmetin hakimiyyəti illərindən başlayaraq Sultan Abdülmecidə qədər 400 il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi olub. Türkiyə Respublikası elan olunduqdan sonra Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan "Cümhuriyyətin ilk muzeyi" adını qazanıb. Topqapı, eyni zamanda, dünyanın ən böyük saray-muzey kompleksidir.

Muzeydə Osmanlı imperatorluğuna aid memarlıq abidələri, müxtəlif əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır. "Bab-ı Hümayun", "Babüsselam" və "Babüssaade" adlı üç əsas qapısı olan Topqapı bağçalar və meydanlarla əhatələnib. Saray bir-birinə giriş-çıxışı olan dörd həyətdən ibarətdir. Birinci həyətdə Osmanlı imperatorluğu dövründə hərbi vəsait saxlanılırdı. Burada, eyni zamanda, 330-cu illərdə inşa edilən "Aya İrini Kilsəsi" kimi binalar da yer alıb.

Sarayın ikinci həyəti isə dövlət idarəçiliyi binalarından ibarətdir. Tarixboyu bir çox rəsmi mərasimlərə şahid olan bu həyətdə imperatorluğun xəzinəsi yerləşirdi. Rəsmi mərasimlərin keçirildiyi əsas binanın arxasında isə sultanın ədalətinin rəmzi olan "Ədalət Qülləsi" görünür.

Sarayın hərəm hissəsinin girişi qüllənin yanındadır. Buradan tikilinin üçüncü həyətinə keçmək olur. Sultanların ailə üzvlərinə aid olan bu həyətdə Sultan II Muradın zamanında saray məktəbi inşa edilib. Yığıncaqların keçirildiyi, yerli və xarici elçilərin qəbul olunduğu "Ərz Otağı", "Enderun" xəzinəsi, "Fatih Köşkü" kimi tikililər də bu həyətdədir.

(adsgarden = window.adsgarden || []).push({});