Bu gün Honkonq yenə "çalxalanacaq"


Dünya 06 Okt 2019 11:14:00 230 0

Bu gün Honkonq yenə "çalxalanacaq"

Bu gün Honkonqda hökumət əleyhinə növbəti aksiyaların keçiriləcəyi gözlənilir, APA məlumat verir. 

Son.az bildirir ki, bu gün keçiriləcək aksiyanın daha kütləvi olacağı proqnozlaşdırılır.

Bu arada dünən aksiyalar zamanı bir neçə metrostansiya hücuma və dağıntıya məruz qaldığı üçün fəaliyyətini dayandırmış metro da fəaliyyətini bərpa edib. Metro qatarları bu gün ənənəvi iş saatından 3 saat az, saat 21.00-a qədər hərəkətdə olacaq. Bəzi metrostansiyalar da təmirlə əlaqədar açılmayıb.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə  muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.