Qara karbon tullantılarını tənzimləyən yeni beynəlxalq normalar oktyabrın 7də qüvvəyə minir


Dünya 06 Okt 2019 07:11:00 230 0

Qara karbon tullantılarını tənzimləyən yeni beynəlxalq normalar oktyabrın 7də qüvvəyə minir

Oktyabrın 7-də kömürün yarımçıq yanması nəticəsində əmələ gələn qara karbon deyilən məhsul, dizel yanacağı və bioyanacaq kimi milli tullantıları məhdudlaşdıran beynəlxalq normalar qüvvəyə minir. Belə tullantıların əsas mənbələri meşə yanğınları, yaşayış sektorunda, nəqliyyat və sənayedə enerji istehlakıdır. Qara karbon, başqa sözlə desək, duda nəinki havanın keyfiyyətini pisləşdirir, həm də qlobal istiləşməni sürətləndirir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, məsələn, duda buz və ya qar üzərinə düşəndə günəş radiasiyasının udulmasını kəskin artırır.

Hər il 7 milyon insan havanın çirklənməsi səbəbindən dünyasını dəyişir, on milyonlarla insan respirator, ürək və onkoloji xəstəliklərə tutulur. İnsan fəaliyyətinin səbəb olduğu atmosfer çirklənmələri buzlaqların əriməsinə gətirib çıxarır, planetdə iqlim dəyişmələri prosesini sürətləndirir, ətraf mühitin pisləşməsinə səbəb olur. Havanın keyfiyyətinin pis olması səbəbindən Avropa ekosistemlərinin təqribən üçdə iki hissəsi təhlükədədir

Lakin ölkələr boş oturmurlar. Avropa İqtisadi Komissiyasının (AİK) üzvü olan dövlətlər bir neçə il əvvəl Höteborq Protokolunu qəbul ediblər. Protokol dörd çirkləndirici maddə - kükürd, azot oksidi, uçucu üzvi birləşmələr və ammonyak üçün tullantıların yol verilən normalarını müəyyən edir. Sonra Protokola düzəlişlər işlənib hazırlanıb. Həmin düzəlişlərə görə, region ölkələri zərərli maddə tullantılarının milli səviyyələrinə düzəlişlər etməlidirlər.

Oktyabrın 7-də Avropanın və Şimali Amerikanın 18 ölkəsində, o cümlədən Böyük Britaniya, Kanada və ABŞ-da iqlim dəyişmələrinə və havanın çirklənməsinə qarşı mübarizə sahəsində mühüm hadisə baş verəcək. Höteborq Protokoluna düzəlişlər qüvvəyə minəcək.

Protokol və ona düzəlişlər havanın böyük məsafədə transsərhəd çirklənməsi haqqında Konvensiya bazasında işlənib hazırlanıb. Yeni düzəlişlər tarixdə ilk dəfə tullantıların, o cümlədən ömrü qısa olan hava çirkləndiricisinin - qara karbon və ya duda deyilən tullantıların azaldılmasını nəzərdə tutan məcburi beynəlxalq normalardır. Bu maddənin tullantıları, məsələn, günəş radiasiyasının udulması səbəbindən qlobal istiləşməyə şərait yaradır. Qara karbon istini CO2 ilə müqayisədə 680 dəfə daha intensiv saxlayır.