Erkən nikahın dəhşətli fəsadları 14 yaşında ərə verilən qızın real hekayəsi...


Digərləri 06 Okt 2019 05:30:00 371 0

Erkən nikahın dəhşətli fəsadları  14 yaşında ərə verilən qızın real hekayəsi...

Son.az medicina.az-a istinadən bildirir ki, 

Ailə ilə təsadüfən rastlaşdım. Bakı gecəqondularından birində yaşayan xəstə həmkəndlimə baş çəkməyə getmişdim. Yüngülvari bazarlıq üçün yaxınlıqdakı kiçik mağazaya girəndə gördüyüm mənzərədən sarsıldım. Kassa arxasında orta yaşlarda, hündürboylu, saç-saqqal basmış bir kişi 8-9 yaşlarda oğlan uşağının əllərinə taxta xətkeşin tinilə ara vermədən vurur, uşaq gözləri hədəqədən çıxmış halda səs çıxarmadan içində hıçqırır, kişiylə eyni yaşlarda olan, mağazanın ortasında donub qalan, əli süpürgəli qadının gözlərindən sel kimi yaş axırdı. Bu qəribə səssizliyin içindəki qorxunc mənzərə məni o qədər çaşdırmışdı ki, nə edəcəyimi bilmədim. Bəlkə də kişinin vahiməli baxışlarından ehtiyatlandım. Yardım üçün qapıya çıxanda başını pəncərəyə dayayıb içəri baxan gənc qadını gördüm. Bir an dönüb mənə sarı baxdı. Qorxudanmı,qəzəbdənmi alacalanmış gözlərin dəriliyindəki ifadəni anlamaq o qədər çətindiki... Gözlər üsyan edir, gözlər qəzəb püskürür, eyni anda sanki mərhəmət diləyirdi... Kişi  o uşağı niyə elə cəzalandırır, yaşlı qadın niyə lal-dinməz göz yaşı tökür, o uşağın, o gənc qadının günahı nədir?.. Ətrafda bircə nəfər gözə dəymirdi. Yenidən mağazaya girməkdən başqa çarə qalmamışdı. Heç nə olmamış kimi yüksək səslə salam verib, ağlıma gələn bir məhsulun adını soruşdum. Kişi uşağı dirsəyilə kənara itələyib:

- Qurban olasan müştəriyə, elə bilmə ki, canın qurtardı, axşam iki gözünü bir deşikdən çıxaracam,- deyib, zorla gülümsəməyə çalışdı, - Köpəyoğlu dədəsi yaşlı vaxtımda küçüklərini atıb üstümə, guya Urisetdə yel əsib, havayı qoz yerə tökülüb, bu bivec də yığıb gətirəcək. Kişi qarşısındakının onu dinləyib-dinləmədiyinin fərqinə varmadan doğrayıb-tökürdü. Uşaq çoxdan aradan çıxmışdı. Qadın da gözə dəymirdi. Nə bir şey alacaq həvəsim, nə də xəstəyə baş çəkmək gücüm qalmışdı... Hadisənin tam təfərrüatını bir qədər sonra əli süpürgəli qadından öyrəndim. Çarəsizlik yaşlı ananı tanımadığı hər kəsdən mərhəmət diləməyə məcbur eləyirdi.

... Ailə evin yeganə qızı Mələyi (adlar şərtidir) 14 yaşındaykən  məktəbdən ayırıb Rusiyada ticarətlə məşğul olan həmkəndlisinə zorla ərə verir. Bir müdət sonra Fazil Mələyi ata-anasının yanında qoyub Rusiyaya dönür. İki oğlu dünyaya gələnə qədər ara-sıra kəndə gəlir, hər dəfəsindədə, 18 yaşın tamam olanda rəsmi nikaha girərik, sonra səni də uşaqları da özümlə aparacam deyib, Mələyi yalançı vədlərlə aldadır.

Bir neçə il  onlara xırda-para xərclik göndərəndən sonra ayağını kənddən kəsir. Hər iki ailənin təkidi ilə bir müddət sonra onları yanına aparır. Mələk Fazilin Rusiyada başqa ailəsi və uşaqlarının olduğunu öyrənəndən sonra yenidən Azərbaycana qayıdır. Gənc ana əri hesab elədiyi adamın kirayə tutduğu daxmada keçirdiyi əzablı həyatdan, Fazilin ona verdiyi zülmlərdən söz açdıqca əli-ayağı titrəyir, sanki danışdıqca həmin ağrıları yenidən yaşayırdı. Günlərlə evdə tək, köməksiz qalan qadın övladlarını da götürüb bir qohumunun köməyi ilə ata-anasının yanına dönür... burada da başqa acılar, başqa problemlər başlanır.   Kənddə aldığı təqaüdlə ailəni dolandıra bilməyən Yusif kişi Bakıya gəlir, bir tanışının köməyi ilə mağazada fəhlə kimi işə düzəlir. Elə mağazanın qonşuluğunda kiçik bir evi kirayələyib qızı ilə nəvələrini yanına gətirir. Beş nəfərlik ailə kiçik bir otağa sığınır. Sürəyya arvad mağazada süpürgəçiliyə başlayır. Maddi sıxıntıdan əziyyət çəkən yaşlı ata hər axşam işdən evə dönəndə acığını arvadından çıxarır, "yaxşı ana olsaydın qızın  üstündə qalmazdı" deyib, yediyi bir parça çörəyi zəhərə döndərir. Bütün bunlar onsuz da illər uzunu psixoloji sarsıntı yaşayan Mələyi həyatdan soyudur, gənc qadın hər şeydən çox onun həyatını məhv eləyən atasına nifrət eləyir. İki məktəbyaşlı uşaq isə ata-ana sevgisindən məhrum, səfil həyatı yaşayır. Hələ nə ananın kimliyini təsdiqləyən sənədi, nə də ikinci, üçüncü sinifdə oxuyası uşaqların  doğum şəhadətnaməsi var. Rəsmi nikahdan isə söz gedə bilməz. Uşaqların nə vaxt məktəb qapısı açacağı bəlli deyil.

Ən təhlükəlisi isə uşaqlığı, yeniyetməliyi, gəncliyi, bütün həyatı əlindən alınan zavallı bir qadın intihar üçün yollar axtarır. Yusif kişinin isə düşüncəsi budur:

- Çox adam belədi, kasıbçılıqdı, birtəhər dözməliyik. Yaxşı arvad evindən, yuvasından çıxmaz. Mənim qızım boşanıb gəlib ata evində otura bilməz. Ölsə də ərinin yanında öləcək.   R.Quliyeva

Qəribə məntiqdir, rəsmi nikahı belə olmayan qadın kimdən, necə boşanacaq?  Ata adını, soyadını təsdiqləyən heç bir sənədi olmayan, atanın üzünü, səsini belə xatırlamayan uşağın təsəvvüründəki ata kimdir? Bu, uşaqların, o zavallı qadının günahı nədir? Niyə biz öz əlimizlə övladlarımızı odun-alovun içinə atırıq?   Erkən nikahların yaratdığı psixoloji fəsadlar barədə mütəxəssis danışır.   Erkən nikahın  fəsadları