Şamaxıda Nəsimi poeziya axşamı təşkil olunub (FOTO)


Digərləri 05 Okt 2019 17:49:00 275 0

Şamaxıda Nəsimi poeziya axşamı təşkil olunub (FOTO)

Şamaxıda Nəsimi poeziya axşamı təşkil olunub

Bakı. Şamaxıda keçirilən “Mədəniyyət həftəsi”nin axırıncı günündə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə bir sıra maraqlı tədbirlər keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, onların arasında “Doğma diyar” rəsm sərgisi, “Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı təşkil olunub. “Doğma diyar” adlı rəsm sərgisi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Respublika uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin, rəsm qalereyalarının əməkdaşlarının iştirakı ilə baş tutub. Nəsiminin portretlərdən ibarət sərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı da Şamaxı Astrofizika Rəsədxanasında keçirilib. Tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Nəsimi irsi haqqında söhbət açıb.