Bakıdakı “Caspian” otelinin qarşısında, gecə qaranlığında heroin alveri...


Kriminal 05 Okt 2019 14:20:00 267 0

Bakıdakı “Caspian” otelinin qarşısında, gecə qaranlığında heroin alveri...

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan İran İslam Respublikasının vətəndaşı 36 yaşlı Hamed Babazadehin cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Hamed Babazadehi Dövlət Gömrük Komitəsinin əməliyyatçıları 2019-cu il martın 9-da Bakıdakı "Caspian" otelin qarşısında tutublar. Əməliyyatçılara məlumat daxil olub ki, həmin iranlı sərhədin o tayından külli miqdarda narkotik maddəni Azərbaycana keçirib və satışını həyata keçirməyə hazırlaşır.

Nəticədə əməliyyatçılar Hamed Babazadehi 2 kiloqrama yaxın heroini "Azad" adlı şərti alıcıya satmaq istəyərkən yaxlanıb. Yasamal rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Amma Babazadeh ona irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib, baxmayaraq ki, cinayət başında, təkzibedilməz dəlillə yaxalanmışdı.

Xoylu inşaat mühəndisinin sərhədi bu yana adlamaqda məqsədi nə idi...

İstintaqa ifadəsində deyib ki, Xoy şəhərində memarlıq üzrə ali təhsil alıb, yaşayış evlərinin tikintisi, satışı ilə məşğul olub.  Azərbaycana gəlməzdən bir gün əvvəl tanışı Milad Allahyarla Astara gömrüyündə rastlaşıb. Valyuta dəyişməklə məşğul olan Milada 4 milyon tümən verib, ondan 550 manat pul alıb.

H.Babazadehin ifadəsinə inansaq, Bakıya gəlməkdə məqsədi rayonlardan ucuz qiymətə arpa almaq və daha sonra İraqa satış üçün göndərmək idi. Həmçinin iddia edib ki, ailə üzvləri Novruz bayramı ilə əlaqədar istirahət üçün Bakıya gəlməyi planlaşdırdıqlarından onlara kirayə ev tutmaq istəyirdi.

"Milad Bakıda həbsxanada cəza çəkən qardaşına  meyvə, pal-paltar, siqaret aldığını, həmin əşyaları da aparmağımı xahiş etdi. Onun qardaşı narkotikə görə həbs olunmuşdu. Ona görə də çantanı aparmağı ehtiyat etdim. Həm də dedim ki, mən indi yox, axşam gedəcəyəm. Milad açıb çantanı göstərdi. İçərisində qanunsuz heç nə yox idi. Amma yenə də gömrükdən keçirməyə imtina elədim. Dedim ki, özümün yüküm çoxdur. Miladın ailə üzvlərinin narkotikə meylli adamlar olduğundan qorxduğum üçün yükə yaxın durmadım",-Babazadeh ifadəsində belə nəql edib.

Heroin çantasını sərhəddən kim keçirdi?

H.Babazadeh həmin gün axşam Azərbaycana yola düşüb. Gömrüyün qarşısında yenidən Miladla rastalaşarkən sonuncu ona qardaşına çatacaq sovqatın Astara şəhərində olduğunu deyib.

Sitat: "Milad valyutadəyişməklə məşğul olduğundan günün çox hissəsini gömrükdə olurdu. Mənə dedi ki, yük artıq gömrükdən keçib, narahat olma.  Mən özüm gömrükdən keçib Astaraya çatanda Milad mesaj yazdı ki, qardaşına çatacaq çanta Astara gömrüyünün qarşısındakı çayxanadadır. Həmin çantanı Bakıya aparmağımı  xahiş etdi və  onu  bir nəfərin məndən qəbul edib həbsxanaya çatdıracağını bildirdi. Mən də razılaşdım, çantaları götürüb taksi ilə Bakıya yola düşdüm".

Hamed daha sonra nəql edir ki, yolda olanda Həbib adlı bir nəfər ona zəng vurub, harada olduğunu, Bakıya nə vaxt çatacağını soruşub. O da cavabında bir saata kimi Bakıda olacağını deyib. Taksi ilə "Caspian" otelə gəlib, otaq kirayələyib. Həbib zəng vurub otelin vizit kartını "vatsap"la göndərməsini istəyib: "Mən də çəkib göndərdim. Bir saat sonra Həbib gəldi. Onu otelin qarşısında qarşıladım. Həbibin əlində tünd göy rəngli çanta var idi. Məndən Miladın verdiyi çantaları istədi və gedəcəyini dedi. Mən də dedim ki, istəsən gecə qala bilərsən, boş çarpayı var. Həbib də qalmağa razılaşdı. Dedi ki, oteldə qalsa gərək "WiFi"-dan istifadə edə. Mən də kodu öyrənmək üçün aşağı düşdüm. Otelin əməkdaşından kodu soruşdum. Otağa qayıdanda qapı bağlı idi. Qapını döydüm, Həbib hamamdan çıxıb qapının açdı..."

Hamamda heroini qablaşdıran Həbib adlı adam olubmu...