Rusiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq strateji xarakter daşıyır Politoloq


Siyasət 05 Okt 2019 13:17:00 275 0

Rusiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq strateji xarakter daşıyır  Politoloq

Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zaman Azərbaycan ilə Rusiya münasibətləri haqqına səsləndirdiyi fikirlərdən bir daha məlum olur ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, iki ölkə arasında münasibətlər həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə inkişaf edir:

"Məlum məsələdir ki, Rusiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq strateji xarakter daşıyır və yüksələn xətt üzrə gedir. İki ölkə arasında hərbi sahədə mühüm müqavilələr imzalanıb və bu istiqamətdə işlər davam etdirilməkdədir. Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq kimlərəsə xoş gəlməsə də, məlum məsələdir ki, heç bir hərbi bloka daxil olmayan və ikitərəfli münasibətlər saxlayan, balanslı siyasət apara bilən Azərbaycan dövləti Rusiyanı özünün strateji tərəfdaşlardan biri seçib və bu istiqamətdə müvafq addımlar atılır. Eyni zamanda, birgə hərbi təlimlərin keçirilməsi iki ölkə arasında hərbi sahədə əməkdaşlıqda mühüm istiqamətlərdən birini təşkil edir.

Azərbaycan Rusiya üçün nə qədər strateji əhəmiyyətli tərəfdaşdırsa, Rusiya da Azərbaycan üçün o qədər strateji tərəfdaşdır. Onu da qeyd etmək lazımdır ki, iki ölkənin xüsusi xidmət orqanları, sərhəd qoşunları və digər hüquq-mühafizə orqanları arasında da səmərəli əməkdaşlıq mövcuddur. Eyni zamanda, Rusiya ilə Azərbaycan sərhədində aparılan bir sıra birgə anti-terror əməliyyatları bir daha göstərir ki, iki ölkə arasında koordinasiyalı fəaliyyət mövcuddur. Təbii ki, belə də olmalıdır, çünki Rusiya ilə Azərbaycan yaxın qonşulardır".

Politoloq, həmçinin iki ölkə arasında səmərəli xarici əlaqələrin mövcdluğuna da toxunub. Qeyd edib ki, Azərbaycan və Rusiya beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, daim bir-birinin mövqeyini dəstəkləyir.

A.Nağıyev əlavə edib ki, Azərbaycan ilə Rusiya regionları arasında da münasibətlər daim inkişaf edir: "İki ölkənin müxtəlif regionları arasında birbaşa əlaqələr mövcuddur, eyni zamanda qarşılıqlı investisiyalar qoyulur, ticarət dövriyyəsi artır. Yəni, həm xarici, həm də daxili siyasət sahəsində Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və daim yüksələn xətt üzrə gedir".

Son.az