Azərbaycan və Rusiya istər region, istərsə də...


Siyasət 05 Okt 2019 12:53:00 199 0

Azərbaycan və Rusiya istər region, istərsə də...

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri bir daha sübut etdi ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Natiq Miri deyib.

O qeyd edib ki, Rusiya nə qədər Azərbaycan üçün vacib ölkədirsə, Azərbaycan da Rusiya üçün o qədər vacibdir: "Bu səfər Azərbaycanın nə qədər dayanıqlı bir ölkə olduğunu bir daha ortaya qoydu. Məsələn, Ermənistan Sarkisyan hakimiyyətinin son dönəmlərində belə Rusiyaya ikili xarakterli münasibət yürüdürdü. Bu da zaman-zaman Rusiya prezidentini qıcıqlandırırdı. Bu gün həmin siyasət Paşinyan dönəmində də davam edir. Buna görə də Ermənistanın ikili, xəyanətkar siyasətinin qarşılığnda Rusiyaya sadiq, dayanıqlı, əməkdaşlıqda möhkəm olan bir Azərbaycan dövləti faktorunu ortaya qoymuş oldu. Mənə elə gəlir ki, bu, çox önəmlidir. Bu məsələni Rusiya siyasətşünaslığında, Rusiya mediasında daha çox inkişaf etdirmək lazımdır. Çünki bu günə qədər Azərbaycanın heç bir dövlətə, xüsusən də Rusiyaya qarşı hansısa bir qonşuluq siyasətini tapdalayan hərəkəti olmayıb. Bu görüşdə də həmin məsələ özünü bariz şəkildə nümayiş etdirdi".

N.Miri əlavə edib ki, Azərbaycan regionda özünün ən strateji ölkə olduğunu bir daha göstərdi. Bəlli oldu ki, əgər Rusiya regionda sözün əsl mənasında özünün strateji ağırlığını göstərmək istəyirsə, bu, Azərbaycansız mümkün olmayacaq. Yəni bu regionda Azərbaycansız hər hansı bir problemi həll etmək mümkün deyil. Hər iki ölkə istər region, istərsə də geniş beynəlxalq müstəvidə əməkdşalığın mühüm cütlüyüdür.

Ekspert vurğulayıb ki, ümumilikdə Azərbaycan Prezidentinin Rusiyaya səfəri və xüsusilə də "Valday" görüşü strateji əhəmiyyət daşıyır: "Görüş vacib və əhəmiyyətli idi, Rusiya-Azərbaycan əməkdaşlığının yüksək xətt üzrə inkişafında müsbət bir məcra ortaya çıxardı. Nəzərə alsaq ki, bu görüş Rusiya Prezidentinin Ermənistana səfərindən dərhal sonra baş verdi, düşünürəm ki, bu səfər azından Ermənistan səfərindən daha qabarıq özünü göstərdi. O ki qaldı iqtisadi və hərbi yöndə əməkdaşlığa, Rusiya Azərbaycanın böyük qonşusudur. Azərbaycan Rusiya ilə əməkdaşlığa həmişə önəm verib".

Son.az