Əli Əhmədov: YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib


Digərləri 05 Okt 2019 12:58:40 275 0

Əli Əhmədov: YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib

Belə bir kursların təşkil edilməsi gənclər üçün faydalıdır.

Bakı. Elçin Mehdiyev – Belə bir kursların təşkil edilməsi gənclər üçün faydalıdır. Məqsəd ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının gənc fəal üzvləri kursları keçərək öz siyasi biliklərini və dünyagörüşlərini genişləndirsinlər, siyasi təcrübə əldə etsinlər və Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün lazım olan vərdişləri qazanmış olsunlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov “Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və formalaşmasında Yeni Azərbaycan Partiyasının yeri və rolu” istiqaməti üzrə təşkil olunan kursda çıxışı zamanı deyib. Əli Əhmədov bildirib ki, partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib. O qeyd edib ki, partiya üzvlərinin 40 faizi gənclərdən ibarətdir və bu, böyük siyasi gücdür. Gənclərin YAP-ın sıralarına axını onların öz gələcək siyasi talelərini Heydər Əliyev ideyalarına bağlaması, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır: “Siz Yeni Azərbaycan Partiyasının gənc və fəal üzvlərisiniz. Partiyamızın həm bugünkü fəaliyyətində, həm də gələcək inkişafında sizin rolunuzu xüsusi vurğulamaq istəyirəm. Biz istəyirik ki, siz gənc nəsil olaraq inkişaf edəsiniz. Gələcəkdə partiyanın funksiyalarının həyata keçirilməsində daha yaxından iştirak etmək imkanınız olsun. Həm də bütövlükdə, Azərbaycanın ictimai-siyasi həyatında geniş şəkildə iştirak edəsiniz. Bunun üçün də zəruri vərdişlərə ehtiyac var. Xüsusilə siyasi biliklər artırılmalıdır. Dünyanın hər yerində siyasi partiyaların nəzdində bu cür kurslar mövcuddur. Kursların yaranmasında məqsəd siyasi partiyaların vasitəsilə bütövlükdə cəmiyyətin siyasi həyatı üçün təcrübəli gənc siyasətçilərin formalaşmasından ibarətdir. Bizim də məqsədimiz budur”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin