Əmisini öldürdü, izi itirmək üçün...


Kriminal 04 Okt 2019 23:25:00 394 0

Əmisini öldürdü, izi itirmək üçün...

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 11-nə təyin edilib.

İttihama görə, bu il martın 8-də Abşeron rayonu "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanındakı mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs saxlanılıb. O cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.

Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: "Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində, öldürmək planım olmayıb".