Deputat: "Paşinyanın bəyanatı göstərir ki, 1980ci illərin..."


Siyasət 04 Okt 2019 17:19:00 281 0

Deputat: "Paşinyanın bəyanatı göstərir ki, 1980ci illərin..."

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatı onu göstərir ki, Paşinyan 1980-ci illərdə donub qalıb və o dövrün xülyası ilə yaşayır".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin Paşinyanın "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatına "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri ilə cavab verməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu cavabı Azərbaycan xalqının fikrini və iradəsini ifadə edir:

"Bu, bütün dünyaya onu göstərir ki, Azərbaycan heç vaxt ərazisinin işğalı ilə barışmayacaq və bunu qəbul etməyəcək. Bu, həm də onu göstərir ki, Paşinyanlar və digərləri ərazi iddiaları ilə beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquq normalarına arxalanır. Azərbaycan xalqının iradəsi Prezident tərəfindən ifadə olunur".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikrini oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatına cavab olaraq deyib.