“Fitch Ratings” hesabat hazırladı: Azərbaycan Cənubi Qafqazda neçəncidir?


Digərləri 04 Okt 2019 16:34:00 318 0

“Fitch Ratings” hesabat hazırladı: Azərbaycan Cənubi Qafqazda neçəncidir?

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi mütəmadi olaraq ölkələrin iqtisadiyyatındakı mövcud vəziyyətlə əlaqədar analizlər apararaq hesabatlar hazırlayır.

Son.az Trend-ə istinadən bildirir ki, Şərqi Avropa və postsovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi 2019-cu ilin üçüncü rübünə olan növbəti hesabatda ölkəmiz öz müsbət mövqeyini qoruyub və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib. Sevindirici haldır ki, Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur.

Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makro-iqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyillər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb, geniş anlamda isə, ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaradıb. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həll olunması istiqamətində həyata keçirilən tədbirlər sektorun restrukturizasiyasına, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olub.

Öz növbəsində, iqtisadiyyatın diversifikasiya olunması və neft sektorundan asılılığının aradan qaldırılması məqsədilə ölkədə yaradılan və dəstəklənən münbit biznes mühiti "Fitch Ratings"in analizlərində xüsusi qeyd olunub və ölkəmizin mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.