Obyektlərin əlil insanlara əlçatanlığı ilə bağlı təlim keçirilir FOTO


Digərləri 04 Okt 2019 15:39:00 273 0

Obyektlərin əlil insanlara əlçatanlığı ilə bağlı təlim keçirilir  FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsi, Beynəlxalq Texniki Sertifikatlaşma Ekspert Mərkəzinin və "Ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzi"nin birgə təşkilatçılığı ilə Azərbaycanda inşaat mütəxəssislərinə və hüquq müdafiəçilərinə təlimlər keçirilir.

Son.az xəbər verir ki, təlimə Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki layihə təşkilatlarının, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun və Milli Paralimpiya Komitəsinin mütəxəssisləri və müstəqil ekspertlər qatılıblar.   Təlimlər mövcud və tikilməkdə olan obyektlərdə əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin edilməsi məsələsini əhatə edir. Əlilliyi olan şəxslər üçün əngəlsiz ətraf mühitin yaradılması istiqamətində keçirilən təlimin iştirakçılarına müyəssərlik ilə bağlı mövcud standartlar və dünyada qəbul olunmuş normalar haqqında  məlumatlar verilir. Təlimlər bir neçə mərhələdən ibarətdir. İlkin mərhələdə nəzəri biliklər əldə edən mütəxəssislər sonradan Rusiyanın Sankt-Peterburq şəhərində təcrübi təlimlər keçəcəklər. Bundan sonra onlara müyəssərliyin təmin edilməsi ilə bağlı beynəlxalq mütəxəssis sertifikatları təqdim olunacaq. Təlimləri "Ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzi"nin rəhbəri Dmitri Petrakov və Beynəlxalq Texniki Sertifikatlaşma Ekspert Mərkəzinin rəhbəri Natalya Krel keçirlər. İlkin mərhələdəki təlimlər bir həftə davam edəcək. Xatırladaq ki, sentyabr ayının 6-da Azərbaycan Milli Paralimpiya Komitəsi ilə və Beynəlxalq Texniki Sertifikatlaşma Ekspert Mərkəzinin və "Ərazilərin ekoloji-sosial və innovativ inkişafı üzrə milli mərkəzi" arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq, paralimpiyaçıların istifadə etdikləri idman arenalarında və qurğularında, eyni zamanda, beynəlxalq yarışlar keçirilən arenalarda müyəssərliyin təmin edilməsi zamanı beynəlxalq standart və normalara riayət olunmasında birgə fəaliyyət və bu sahədə mütəxəssislərin hazırlanması öz əksini tapıb.