“Arvad paltarında ölkədən qaçanlar dünənki hadisəyə görə səsini çıxarmadı”


Digərləri 04 Okt 2019 13:54:00 225 0

“Arvad paltarında ölkədən qaçanlar dünənki hadisəyə görə səsini çıxarmadı”

YAP-çı deputat Siyavuş Novruzov dünən "Qarabağ"ın oyununda ermənilərin törətdiyi təxribatdan danışıb.

Son.az xəbər verir ki, S. Novruzov qafqazinfo-ya açıqlamasında cəsarətli və qətiyyətli addımlarına görə futbolçularımıza təşəkkür edib:

"Düdelanj"ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi. Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar.  "Eurovision"  müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağın şəkli var idi. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir.  Dədə- babadan da türkün olub və türkün  də olacaqdır. 

Dünən baş verənlər də elə hər şey üst-üstə düşdü. Azərbaycan prezidenti ötən gün Soçidə çıxışında  "Qarabağ Azərbaycandır" deyərək məsələyə nida vurdu. Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz. Ermənilər bu məsələni uzatmaqla çalışırdı ki, insanların yadından çıxarsın və buna sonradan hüquqi don da geyindirdilər. Lakin yeni yetişən gənc nəsil, bütövlükdə Azərbaycan xalqı gün- gündən Qarabağa daha da yaxınlaşır. İstər aprel döyüşləri, istərsə də  ATƏT-in həmsədrlərindən biri olan bir ölkənin ərazisində ölkə başçısının dünənki etdiyi çıxış, istərsə də Azərbaycan futbolçuları Avropanın mərkəzində buna birdəfəlik nöqtə qoydular".

Deputat təxribatı törədənlərə stadionda kimlərsə tərəfindən istiqamət verildiyini nəzərə çatdırıb: "Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu.  Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər. 

Fikir verirsinizsə, nə üçün  beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik. Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir.  Dərk etdiyinə görə də, həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından  hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumlar, dövlət başçılarının görüşləri, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar.