FAO: sentyabrda dünya ərzaq qiymətləri...


Dünya 04 Okt 2019 07:48:00 281 0

FAO: sentyabrda dünya ərzaq qiymətləri...

Sentyabr ayında dünya ərzaq qiymətləri sabit qalıb. Belə ki, şəkərin qiymətinin düşməsi bitki yağı və ətin kotirovkalarının yüksəlməsi ilə kompensasiya olunub.

Son.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərzaq qiymətlərinin sentyabrdakı indeksi 170 punkt təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə demək olar ki, dəyişməyib və 2018-ci ilin eyni dövrü ilə müqayisədə cəmi 3,3 faiz yüksək olub.

Dənli bitkilərin indeksi də dəyişməz olaraq qalıb. Belə ki, taxılın qiymətindəki artım qarğıdalı kotirovkalarındakı azalma ilə kompensasiya olunub. Düyünün beynəlxalq qiymətləri və bu məhsula olan tələbatın və qeyri-müəyyənliyin fonunda cüzi azalıb. Bu azalma Filippin və Nigeriyadakı siyasətlə bağlıdır.

FAO-nun bitki yağlarının qiyməti ilə bağlı indeksi sentyabr ayında 1,4 faiz artaraq ötən ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu artım Hindistan və Çində palma yağına olan tələbatın dayanıqlı olaraq artması və Avropa İttifaqında bioyanacaq kimi istifadə edilən bitki toxumları yağlarının qiymətinin yüksəlməsi ilə əlaqədardır.

Şəkərin qiyməti üzrə FAO indeksi avqust ayı ilə müqayisədə 3,9 faiz azalıb. Bu, şəkər ehtiyatının artması və bu məhsula olan tələbatın azalması, həmçinin etanol istehsalında istifadə olunan Braziliya şəkər qamışına olan ehtiyacın aşağı düşməsi ilə bağlıdır.

FAO-nun süd məhsulları qiymətlərinin indeksi 0,6 faiz azalıb. Bunun səbəbi quru südün qiymətlərinin artması ilə yanaşı pendir və kərə yağının qiymətindəki azalmadır.

FAO-nun ət qiymətləri indeksi isə, 0,8 faiz artıb. Bu artım Çinin ət məhsullarına tələbatının artması ilə əlaqədardır. Eyni zamanda, donuz ətinin dünyada ən böyük bazarı olan Çində qiymətlər avqust ayından bəri yüksək səviyyədə qalıb. Avropadan idxalın artması isə, dünya bazarlarında donuz ətinin qiymətlərinin azalmasına səbəb olub.

FAO-nun yeni məlumatında taxıl və dənli bitkilərin dünyada istehsalının 2706 milyon tona qədər azalacağı proqnozlaşdırılır. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 2 faiz yüksəkdir.