Hazırda dünyada işsizliyin səviyyəsi son 10 il ərzində ən aşağı səviyyədədir


Dünya 04 Okt 2019 07:35:00 277 0

Hazırda dünyada işsizliyin səviyyəsi son 10 il ərzində ən aşağı səviyyədədir

Hazırda dünyada işsizliyin səviyyəsi son 10 il ərzində ən aşağı səviyyədədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Lü Çjenmin Baş Assambleyanın Üçüncü Komitəsinin iclasında çıxışı zamanı deyib. Bununla yanaşı, o bildirib ki, dünyada hələ də yoxsul və aclıqdan əziyyət çəkən çoxlu insan var, həmçinin iqtisadi, gender və qeyri-bərabərliyin digər növlərinin miqyası sürətlə artmaqdadır.

"2008-ci ildə "Böyük resessiya" dövründən əmək bazarında nəzərəçarpan irəliləyişlər baş verdi. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada işsizliyin səviyyəsi 2018-ci ildə 5 faiz, işsizlərin sayı isə 172 milyon nəfər təşkil edib. Sonuncu dəfə işsizliyin qlobal səviyyəsinin belə aşağı dərəcəsi 2008-ci ildə müşahidə edilib. Dünya səviyyəli maliyyə böhranının dağıdıcı təsirindən özünə gəlmək üçün əmək bazarına 10 il tələb olunub", - deyə Lü Çjenmin bəyan edib.

O, Üçüncü Komitənin nümayəndələrinə iqtisadiyyat və sosial inkişaf sahəsində son tendensiyalar barədə məlumat verib, iqlim dəyişməsi, münaqişələr və ticarət sahəsində gərginliyin artmasının Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda əsas maneələr olduğunu vurğulayıb.

"İfrat yoxsulluğun miqyası azalmaqda davam edir, lakin hələ də 2030-cu ilədək bizi yoxsulluğun aradan qaldırılmasına aparacaq yolda deyilik. 2015-ci ildə yoxsulların payı qlobal miqyasda 10 faizə bərabər olub, 2018-ci ildə isə 8,6 faiz təşkil edib. Əgər biz öz səylərimizi artırmasaq, o zaman 2030-cu ilədək planetin yoxsul sakinləri əhalinin təqribən 6 faizini təşkil edəcək", - deyə BMT Baş katibinin müavini xəbərdarlıq edib.

BMT nümayəndəsinin sözlərinə görə, son illər aclıqdan əziyyət çəkənlərin sayı artır: 2015-ci ildə onların sayı 784 milyon nəfər, 2017-ci ildə isə 821 milyon nəfər təşkil edib.