Kibercinayətkar: "Pulları oğurlayandan sonra bu üsulu banklara zəng vurub başa saldım"


Digərləri 03 Okt 2019 19:19:00 330 0

Kibercinayətkar: "Pulları oğurlayandan sonra bu üsulu banklara zəng vurub başa saldım"

Bakı Ağır Cinayətlər Məhkəməsində kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzə proses keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib və özünü qismən təqsirli bilib: "İşsiz və borc içərisində olduğum üçün bu yolla əl atdım. Əvvəlcə bir kartla yoxladım. Gördüm ki, alınır, digərlərində də davam etdim. Məqsədim, sadəcə ehtiyacım olduğu qədər pul götürmək idi. Təxminən 30 min borc var idi. Oğlum da xəstə idi. 40 minə yaxın pul çıxartmağı planlaşdırmışdım ki, qalanı ilə də mən çıxana qədər oğlum yaşaya bilsin".

S.Nəzərli deyib ki, hesablardan pulu anasının kartına yükləyib, sonra da nağdlaşdırıb. O, əməliyyatlardan sonra bir müddət Türkiyədə qalıb, daha sonra Azərbaycana qayıdıb və cinayətinin üstünü elə özü açıb: "Gördüm ki, bunlardan xəbər yoxdur. Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar var və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar. Amma mən onlara ətraflı şəkildə izah elədim. Bir neçə gün sonra Emin adlı bir nəfər mənə zəng elədi. Özünü mənə həmin bankın işçisi kimi təqdim elədi. Amma mənim telefonumda proqram var idi və orada gördüm ki, "Emin BMCMİ" yazılıb. Bildim ki, o, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşıdır. Mən polis əməkdaşı ilə danışdığımı bilirdim, amma bunu büruzə vermədim. Polis əməkdaşı məndən bank işçisi kimi hər şeyi soruşdu və mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Danışanda əvvəlcə mənə inanmırdılar. Amma dediklərimdən, izahımdan sonra mənə inandılar, sonda mənə qarşı haqsızlıq edildi. Çünki məbləğ külli miqdar deyildi. Mənə təkrarən eyni cinayəti törətmək ittihamı veriblər. Onu da bir nömrəyə köçürdüyüm 8 min manata görə. Amma cinayət işi materiallarında da var ki, mən həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdırıblar. İndi bank da mənə qarşı 39 minlik mülki iddia qaldırıb. Bu da xeyli miqdardır".

S.Nəzərli kartların sahibindən "təsdiq kodu" gəlmədən hesabdan necə pul çıxarmasını da izah edib: "Həmin kartlarda əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı. Birdən-birə varlanmağımın səbəbini ailəmə və yaxınlarıma guya mərc oyunundan udduğumu dedim".

S.Nəzərli suallara cavabında deyib ki, bankdan pul çıxardığını ictimailəşdirmək məqsədilə ayır-ayrı şəxslərin, təsadüfi şəxslərin mobil nömrələrinə pul göndərən zaman Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşına da pul göndərib. O, bu addımı məqsədli şəkildə etdiyini deyib: "Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək və biləcək ki, bunu Səddam edib. Elə də oldu".

S.Nəzərli bildirib ki, məqsədi, sadəcə, borcunu vermək olub: "40 minə görə burdayam. 390 min olsaydı, nələr olardı. Mənə inamırdılar. Əvvəl zərəri 90 min yazdılar, sonra da 85 min. Axırda da 70 min oldu".

Proses davam edəcək.

İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manatı şəxsi hesablara köçürərək nağdlaşdırıb.