ƏƏSMN: Yeni Fond əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin edəcək


Digərləri 03 Okt 2019 15:51:00 254 0

ƏƏSMN: Yeni Fond əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstəyi təmin edəcək

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb.

Bakı. Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda yeni Fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1607-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 24 iyul tarixli 1347 nömrəli Sərəncamına əsasən belə bir Fondun yaradılması ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi Fondun vəsaitindən istifadənin istiqamətlərindən biri kimi müəyyən olunub. Bu da əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsinə yönələn yeni elmi araşdırmaların aparılmasını və geniş miqyas almasını stimullaşdıracaq. Ölkədə əməyin mühafizəsi üzrə kadr potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də Fondun vəsaitindən istifadə olunacaq. Qeyd edilən vəsait həmçinin əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldiləcək. O cümlədən müvafiq sahədə müasir tələblərə cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan Fond mühüm dəstək rolunu oynayacaq. Əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi, əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat istiqamətdə dövlət və regional proqramların hazırlanması və yerinə yetirilməsi, habelə digər istiqamətlərdə Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə dəstəyi təmin olunacaq.