“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının iştirakçıları ADU-da olub (FOTO)


Digərləri 02 Okt 2019 20:37:00 279 0

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının iştirakçıları ADU-da olub (FOTO)

Kamal Abdulla IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçı-şairləri, dramaturqları və ədəbiyyat tənqidçiləri ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçı-şairləri, dramaturqları və ədəbiyyat tənqidçiləri ilə görüşüb. ADU-dan Trend-ə verilən məlumata görə, görüşdə Polşadan Polşa Yazıçılar Assosiyasının prezidenti Kşiştov Şatravski, Yunanıstandan Beynəlxalq poeziya festivalının rəhbəri Coukis Kristos, Çexiyadan İndiana Universitetinin professoru Bronislava Volkova, İspaniyadan pedaqoq, dilçi Raquel Lanseros, Hindistandan Çarlz Uolles Fondunun təqaüdçüsü Mamta Sagar, Uruqvaydan Latın Amerikası şairi Eduardo Espina, Rusiya Federasiyasından Boris Yevseyev, Lyudmila Viazmitinova, Andrey Tsukanov, İrina Makarova iştirak edib. ADU-nun rektoru Kamal Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, qonaqların ADU-da tələbələrlə görüşməyi seçdiklərini deyərək, bunun üçün təşəkkür edib. Qonaqların nüfuzlu şəxslər olduğunu bildirən ADU rektoru rus yazıçısı Boris Yevseyevin də həmin tərkibdə olduğunu diqqətə çatdırıb. O, B.Yevseyevin yalnız Rusiyada deyil, dünya üzrə tanınmış yazıçı, həmçinin Bunin mükafatı laureatı, Jurnalistika və bədii yaradıcılıq Universitetinin professoru, Rusiyanın PEN mərkəzinin vitse-prezidenti olduğunu vurğulayıb. Kamal Abdulla B.Yevseyevə yazıçılarla görüşün təşkil edilməsinə görə təşəkkürünü bildirib. Yazıçı Boris Yevseyev və digər qonaqlar universitetdə səmimi qəbula görə təşəkkür ediblər. Azərbaycan haqqında müsbət fikirlər səsləndirən qonaqlar festivalın keçirilməsini yüksək qiymətləndiriblər. Festivaldakı mövzuların əhəmiyyətindən danışan iştirakçılar Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüblər.