Distant təhsilin tətbiqi universitetlərin gəlir əldə etməsi və xaricdən tələbə axını baxımından əhəmiyyətlidir


Digərləri 02 Okt 2019 11:26:00 275 0

Distant təhsilin tətbiqi universitetlərin gəlir əldə etməsi və xaricdən tələbə axını baxımından əhəmiyyətlidir

Müasir texnologiyaların inkişafı informasiyanın, biliyin çatdırılma imkanlarını daha da genişləndirir.

Bakı. Müasir texnologiyaların inkişafı informasiyanın, biliyin çatdırılma imkanlarını daha da genişləndirir. Təhsil xidmətlərinin təqdim edilməsinin yüksək operativliyini təmin edən və dünyanın ən uzaq nöqtəsindən insanlara ən nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradan distant təhsil cəmiyyətin yeni tələblərinə cavab verən adekvat təhsil formasıdır. Bəs Azərbaycanda distant təhsil formasının tətbiqi nə yerdədir? “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev distant təhsilin Azərbaycanda tətbiqi üçün müvafiq mexanizmlərin hazırlanılb qəbul edilməsini zəruri hesab edir. Azərbaycanın distant təhsilin tətbiqində çox ləngidiyini bildirir: “Distant təhsil layihəsi artıq ötən əsrin 80-ci illərindən ABŞ-da və Qərbdə tətbiq olunur və kifayət qədər uğur qazanmış bir təhsil formasıdır. Əvvəllər distant təhsilin həyata keçirilməsi üçün bir çox Qərb ölkələrində ayrıca universitetlər yaradılmışdır. Lakin sonradan həm informasiya kommunikasiya texnologiyalarının imkanları artdı, həm də informasiya cəmiyyətinin tələbləri ilə bağlı olaraq dünyanın aparıcı universitetləri də distant təhsil xidməti göstərməyə başladı. Bu gün bütün qabaqcıl universitetlərdə distant təhsildən istifadə olunur. Bu da onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycanda da buna şərait yaradılmalıdır” Etibar Əliyevin fikrincə, Azərbaycanda da ənənəvi təhsillə yanaşı distant təhsilin tətbiqinə başlanılması müsbət nəticələr verə bilər: “Bilirsiniz ki, son illər Azərbaycanda bir çox universitetlərdə ciddi islahatlar aparılır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi professor-müəllim heyətinin təkmilləşməsi, keyfiyyətli təhsil mühitinin yaradılması, imtahanların şəffaf şəkildə keçirilməsi istiqamətində ciddi işlər görülüb. Bu cür islahat aparılan universitetdə mən düşünürəm ki, distant təhsil layihəsi daha böyük uğur qazana bilər. Çünki belə universitetlərimiz distant təhsilə başladıqda yalnız ölkə daxilindən deyil, həm də xaricdən xeyli sayda tələbə cəlb edə biləcək. Yəni, həmin universitetin nüfuzu, reytinqi olmalıdır ki, distant təhsil üçün tələbə toplaya bilsin. İslahatlar aparılmayan universitetlərdə belə distant təhsilin qurulması çətinlik yarada bilər”. E.Əliyevin sözlərinə görə, UNEC Eksterndə distant təhsil üçün hər bir şərait yaradılıb: “UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Əminliklə söyləmək olar ki, bu universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Bu nümunədən digər universitetlər də istifadə edə bilər”. Ekspert bildirdi ki, distant təhsilin qiyabi təhsili əvəz etməsi ilə bağlı fikirləri də doğru hesab etmir: “Distant təhsil tamamilə başqa formada tətbiq olunan təhsil növüdür. Burada elə bir mühit yaradılmalıdır ki, tələbə özünü əyani təhsildəki kimi auditoriyada hiss etsin. Düşünürəm ki, həm UNEC Eksterndə yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı, distant təhsilin bu formada verilməsi üçün şərait yaradır”.