Vüqar Rəhimzadə: Qarabağ veteranlarının adından sui-istifadə edərək qərəzli kampaniya aparmaq yolverilməzdir


Digərləri 02 Okt 2019 10:47:00 265 0

Vüqar Rəhimzadə: Qarabağ veteranlarının adından sui-istifadə edərək qərəzli kampaniya aparmaq yolverilməzdir

Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amili dayanır.

Bakı. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amili dayanır. Gerçəkləşdirilən islahatlar, görülən işlər məhz ölkə vətəndaşlarının daha yaxşı yaşamasını, onlar üçün yüksək səviyyəli həyat şəraitini təmin etmək məqsədi güdür. Təbii ki, bu istiqamətdə reallaşdırılan sosial layihələr əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edir. Bu sırada Qarabağ müharibəsi əlilləri və veteranları xüsusi yer tutur. Tam əminliklə deyə bilərik ki, Qarabağ müharibəsi veteranları bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin təşəbbüsü ilə Vətən yolunda canından, qanından keçən bu insanların sosial təminatlarını və mənzil-məişət şəraitlərini daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır. Bu fikriləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SOCAR-ın mühafizə xidməti ilə bir qrup şəxs arasında baş vermiş insidenti şərh edərkən bildirib. V.Rəhimzadə qeyd edib ki, baş vermiş məlum hadisədən sui-istifadə etməyə çalışanlar yalnız öz şəxsi maraqlarını güdürlər: “Hadisə ilə bağlı yayılan məlumatlardan da göründüyü kimi, SOCAR-ın əməkdaşları Qarabağ qazilərinə qarşı heç bir zorakılıq tətbiq etməyiblər, əksinə SOCAR-ın əməkdaşlarına qarşı zorakılıq tətbiq olunub. Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs Qarabağ müharibəsi veteranlarını öz çirkin niyyətlərini həyata keçirmək üçün bu prosesə cəlb edərək, onları qaydalara, qanunlara itaətsizlik göstərməyə, dövlət orqanlarına qarşı təxribata çağırmağa təhrik ediblər. Sonradan tam sübut olundu ki, qanunsuz tikinti işlərinin aparıldığı əraziyə çağırılan Qarabağ müharibəsi veteranlarının bu tikintiyə heç bir aidiyyəti yoxdur. Tikintini aparan şəxslər öz kommersiya maraqları üçün qazilərdən sui-istifadə ediblər. Araşdırmalar göstərir ki, bir qrup fırıldaqçı qanunsuz tikililərin aparılmasına himayədarlıq etmək məqsədi ilə müharibə veteranlarından, onların cəmiyyətdəki nüfuzundan yararlanmaq niyyəti güdürlər. Hətta əldə olunan bəzi məlumatlara görə, köynəyini cıran, başına yumruqlar vuran və bu hərəkətlərin ona qarşı guya SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən törədildiyini iddia edən şəxsin özü əsl cinayətkar imiş. Onu tanıyanlar deyirlər ki, həmin şəxs vaxtilə öz atasını bıçaqlamışdı, sonradan isə Xətai rayonunda təşkil olunan yarmarkada tanımadığı şəxsi döyərək öldürmüşdü. Bu səbəbdən də o, bir neçə il həbsdə yatmışdı. Eyni zamanda, ictimailəşmiş məlumatlardan bəlli olur ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarına şər atan şəxs bu ilin fevral ayında Xətai prospektində sökülən obyektlərə görə xüsusi tapşırıq yerinə yetirirdi. Bütün bu faktlar onu göstərir ki, Qarabağ müharibəsi əlili və veteranı adından sui-istifadə edənlər hələ də var və onlar əsl müharibə veteranlarının və əlillərinin adına ləkə gətirirlər”. “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, insan hüquq və azadlıqlarının ən yüksək şəkildə təmin edildiyi Azərbaycanda dövlət-vətəndaş münasibətləri hüquqi formada tənzimlənir: “Dövlətimiz öz vətəndaşı üçün lazım olan bütün imkanları yaradır, ona hüquq və azadlıqlar verir. Vətəndaşın isə hüquq və azadlıqları olduğu kimi, dövlət qarşısında vəzifələri və məsuliyyəti də var. Bütün bu məqamlar nəzərə alınmalıdır. Sosial statusundan asılı olmayaraq hər bir vətəndaş dövlət və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, öz vəzifələrini yerinə yetirməlidir. Qeyd etdiyimiz kimi, dövlət-vətəndaş münasibətləri hüquqi formada, qanunlar çərçivəsində tənzimlənir. Bu qanunlara əməl etmək isə hər kəsin borcudur. Müharibə veteranlarının adından sui-istifadə edib təxribat törətmək isə yolverilməzdir. Hüquq mühafizə orqanları bu cür “işbazlar” barədə ölçü götürməli və günahkarlar cəzalandırılmalıdır”. V.Rəhimzadə əlavə edib ki, milli brendimiz olan SOCAR-ın adını bu kimi hadisələrdə hallandırmaq və Şirkətin nüfuzunu aşağı salmağa cəhd göstərmək qətiyyən düzgün deyil: “Bu gün SOCAR Azərbaycanı dünya miqyasında uğurla təmsil edir. Həyata keçirilən qlobal enerji layihələri ölkəmizin gücünə güc qatır, maliyyə imkanlarını artırır, beynəlxalq aləmdəki müsbət imicini daha da yaxşılaşdırır. Nəzərə almaq lazımdır ki, SOCAR-ın dövlətimizə qazandırdığı böyük maliyyə vəsaitləri, neftdən gələn gəlirlər sosial layihələrə və digər sahələrə yönəldilir. Bu mənada baş verən hadisə və bundan öz maraqları naminə yararlanmağa çalışanların SOCAR-ın imicinə zərbə vurmaq niyyətində olduqları açıq-aydın görünür. Hesab edirəm ki, Qarabağ müharibəsi veteranlarının adından sui-istifadə edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı bu cür kampaniya aparmaq yolverilməzdir. Bu cür hadisələr zamanı isə yalnız “işbazlar” qazanc əldə edə bilərlər. Ona görə də belələrinə fürsət verilməməli, onların qanunazidd əməlləri ifşa edilməlidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin