Azərbaycanda ailə məsələlərinə televiziya baxışı…


Digərləri 01 Okt 2019 21:50:00 231 0

Azərbaycanda ailə məsələlərinə televiziya baxışı…

Cəmiyyətin hərəkətverici qüvvəsidir ailə. Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. İnsanın yetişməsində, tərbiyəsində, ailə ilə yanaşı, mühit də böyük təsirə malikdir. Cəmiyyətdə baş verən dəyişikliklərin, islahat və uğurların ailələrə daşınması prosesi hər zaman mövcud olub.

Ailə ilə cəmiyyətin qarşılıqlı əlaqəsi bir sıra mənfi və müsbət halların yaranmasına gətirib çıxarır. Adətən cəmiyyətdə yaşanan neqativliklər ailə üzvləri tərəfindən ailələrə inteqrasiya edilir. Bunun da acı nəticələr verdiyi bəllidir. Xoşagələn hallar da ailələrə daxil olur. Amma hazırkı dövrdə yaxşıdan çox pisdən təsirlənirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, Azərbaycan cəmiyyəti, ailəsi dözümlülük, humanistlik, bir qədər də ənənəvilik üzərində dayandığına görə onu elə də böyük təhlükə gözləmir. Ancaq buna baxmayaraq, bu məsələdə ciddi problemlər də çoxdur. Bir çox Azərbaycan ailələri ənənəvi ailə modelini saxlamağa cəhd edir. Düşünürlər, ənənəvilik öz yerini möhkəm tutmalıdır ki, yad təsirlər ailəni içindən yeməsin.

Axır vaxtlar bir sıra sosial terminlər məişətimizə daxil olub. Tez-tez gender problemindən danışılır, demoqrafiya məsələləri gündəmə gətirilir. Çox yaxşı. Məqsəd qadınların cəmiyyətdəki yerini möhkəmlətmək, xanımların ailə daxilində, cəmiyyətdə, iş prosesində pozulan hüquqlarını qorumaq, onların kişilərlə bərabər hüquqlu olmasının əyani şəkildə görsənməsi və s. məsələlərin həyata keçirilməsidir.

Yerli televiziyalarda ailə problemləri, o cümlədən də gender, demoqrafiya kimi məsələlər vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailədir.

Fakt budur ki, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur. Bir çox ailələrdə qadınların hüquqlarının pozulması, onların analıq heysiyyətinin tapdanması halları var. Qadınlar döyülür, təhqir edilir, bəzən insan alverinə, fahişəliyi cəlb edilir. Bu bəlli məsələdir. Boşanma tempinin yüksələn xətt üzrə getməsi isə insanları daha çox narahat etməlidir. Hazırkı dövrdə sağlam, problemsiz ailə qurmaq olduqca çətindir. Ailənin təməlinin möhkəm özüllər üzərində qurulması vacib faktordur ki, ailələr nə qədər çətinə düşsələr də dağılmasın.

Televiziyalarda ailə məsələlərilə bağlı həm aparıcı, həm də ekspert qismində əksər hallarda elə adamlar çıxış edir ki, ümumiyyətlə onların normal ailə haqda təsəvvürü yoxdur.

Veriliş aparıcılarının əksəriyyəti ya şou-müğənniləridir, ya da aktrisalar. Ömründə bircə il ərlə yaşamayan, ailə müqəddəsliyinin qədrini bilməyən, qaynana-qayınata qulluğunda dayanmayan, dünyaya qanunsuz övlad gətirən, məişət pozğunluğunda ad çıxaran, gecə barlarının daimi sakini olan bir xanım camaata ailə dərsi keçir. Tövsiyə edir ki, ailə müqəddəsdir, arvad ərin sözünə tabe olmalıdır, ailəni qorumaq lazımdır və s. Amma özləri dediklərinin heç birinə əməl etməyib. Ailə məsələlərilə bağlı teleproqramlara çağırılan ekspertlərin əksəriyyəti də ailə məsələsində kifayət qədər nöqsanı olan şəxslərdir. Öz ailəsini qoruya bilməyən, ərinə, yaxud arvadına ömrü boyu xəyanət edən şəxslər çıxıb ailə paklığından, ər-arvad sədaqətindən danışır. Ailəşünas kimi meydanda görünənlərin əksəriyyətinin tərbiyəsi bir ictimai sima kimi ictimaiyyəti qətiyyən qane etmir.

Təkliflər var ki, ailənin qorunması, müdafiə olunması, sağlam özüllər üzərində qurulan ailələrdən ağızdolusu danışan ekspertlərin ailə tərkibi, həyatı, keçdiyi yol barədə tamaşaçılara geniş arayış verilsin. Bu fikirdə olanlar bildirir ki, o insanlarla bağlı ən xırda detal belə unudulmalı deyil. O mənada ki, gənclər onlara məsləhət verənlərin kim olduğunu, buna haqqının çatıb-çatmadığını ayırd edə bilsin.

Gəncliyində müxtəlif  kişilərə məşuqəlik edən bir xanım özünü ailə eksperti kimi tamaşaçılara təqdim edir. Bəzi televiziyaların özləri qeyri-sağlam düşüncə və həyat tərzinə malik olan adamları məsləhətçi qismində efirə dəvət edir. Guya ölkədə onlardan başqa adam yoxdur ki, ailədən danışsın. Həyatı boyu o qadının, bu qadının ərinə göz dikən, ailələr dağıdan birisinin haqqı varmı qadın hüquqlarının müdafiəsindən danışa? Belələrinin ailə müqəddəsliyindən danışmaq ixtiyarı olmadığı halda, bu şəxslər paklıqdan söhbət açır. Qondarma psixoloqlar, sosioloqlar, filiosoflar, parapsixoloqlar efirləri işğal edərək öz ziyanlı tendensiyalarını cəmiyyətə ötürür. Təəssüflər olsun ki, bundan da zərər çəkən yeni qurulan ailələr olur. Bəzən aparıcılar və ekspertlər elə fikirlər səsləndirir ki, onun Azərbaycan ailə modelilə heç bir əlaqəsi yoxdur. Bu yanlış istiqamətlər də gəncləri əməlli-başlı çaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});