Qonşuda bişdi, yəqin bizə də düşər


Digərləri 01 Okt 2019 20:19:00 284 0

Qonşuda bişdi, yəqin bizə də düşər

Bir müddət öncə Rusiyada oktyabrın 1-dən etibarən mənzillərin eyvanlarında siqaret çəkilməsinə, eləcə də manqalda kabab bişirilməsinə qadağa qoyulacağı ilə bağlı məlumat yayıldı. Düzdür, sonradan məlumat bir qədər dəqiqləşdirildi və Fövqəladə Hallar Nazirliyi eyvanda siqaret çəkilməsinin tam qadağan edilmədiyini, bunun ancaq yanğın təhlükəsi yaranması hallarına şamil edildiyini açıqladı.

Amma hər necə olsa da, özündə böyük cərimələri və hətta cinayət məsuliyyətini nəzərdə tutan yenilik bu gündən etibarən qüvvəyə minir.

Son.az xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevin Sputnik Azərbaycan-a dediyinə görə, eyvanda siqaret çəkmək və ya manqal qalamaq böyük yanğınlar törədə bilər: "Aparılan araşdırmalar göstərir ki, baş verən yanğınların başlıca səbəbi odla ehtiyatsız davranmaqdır. Bəzən ilk baxışdan narahatlıq doğurmayan və çox vaxt ciddi diqqət yetirmədiyimiz adi hallar iri yanğınlar törədir. Xüsusilə şəhər yerlərində eyvanlardan söndürülməmiş siqaret kötüyünü atmaq, yaxud manqal qalamaq böyük yanğınların baş verməsinə şərait yaradır. Təsadüfi deyildir ki, artıq Rusiya Federasiyasında eyvanda təhlükəli şəraitdə siqaret çəkmək, yaxud manqal qalamaq qadağan edilir və bu hal baş verdikdə həmin əməli törədənlər məsuliyyət daşıyacaqlar".

E.Babayev həmçinin əlavə edib ki, siqaret çəkilərkən etinasız davranışlar çox təhlükəlidir.

"Unutmamalıyıq ki, siqareti alışdırandan sonra yanan kibriti və ya söndürülməmiş siqaretin qalığını yana-yana hara gəldi atmaq, yaxud taxta üstünə, hətta od ilə azacıq təmasda alışa bilən şeylərin yaxınlığına qoymaq böyük yanğınlar törədir", - deyə o qeyd edib.

Babayevin sözlərinə görə, Bakı küləklər şəhəridir və çoxmərtəbəli yaşayış binalarının eyvanlarından söndürülməmiş siqaret kötüyünün atılması, taxta parçası və ya kömürlə manqal qalanması təhlükəlidir: "Çünki söndürülməmiş siqaret kötüyü eyvandan atıldıqda və ya yanan kömürü, taxta parçalarını külək kiminsə mənzilinin açıq qalan pəncərəsindən içəriyə, yaxud yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisinə və s. yerə sala bilər. Bu isə güclü yanğınla nəticələnər".