Azərbaycan dünya birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilib


Siyasət 01 Okt 2019 19:47:00 338 0

Azərbaycan dünya birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilib

2019-cu il Azərbaycanın müasir siyasi tarixinə dinamik inkişaf, sabitlik dayanıqlı iqtisadiyyat, ciddi islahatlar ili kimi daxil oldu.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti Azərbaycanın uğurlarının əsas açarı kimi öz bəhrəsini verdi: "Əldə olunan nəticələr, uğurlar Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyini sübut etdi. Ən əsası isə ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha parlaq gələcək üçün uğurlar, qələbələr, nailiyyətlərlə dolu tarixinin yeni səhifələri açıldı.

Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapdı. Uğurla həyata keçirilən sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığı üçün dövlət Başçısının yeni sosial paketə daxil olan sərəncamları, qərarları vətəndaş rifahı naminə atılan yeni mərhələ oldu".

P.Kərimzadə qeyd edib ki, ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün böyük məqsədlərə doğru inamla irəliləyir: "Xalqın daxili inamına söykənərək daim öz prezidentinin yanında sıx birləşməsi Azərbaycanın gələcək tərəqqisinin, davamlı inkişafının məhz İlham Əliyev siyasi kursunun davamlılığını təsdiq edir. Heç kəsə sirr deyil ki, dünyada baş verən sürətli və ziddiyyətli geosiyasi dəyişikliklər fonunda müdrik, dərindən düşünülmüş siyasət sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu günbəgün artır. Ölkəmizin dünyada artan siyasi nüfuzu ilə yanaşı, iqtisadi reytinqi də inkişaf edib. Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrilib. İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişinə səbəb olub.

Məhz buna görə, Dünya Bankının nüfuzlu "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksələn Azərbaycan bu ilin hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib.

Əlbəttə ki, Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılmasının təməlində dövlət Başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Ölkə Prezidentinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin uğurla davam etdirilməsi istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradıb.

Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar, nailiyyətlər həm də onu göstərir ki, ölkəmiz hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilib".