MPK ilə AMEAnın Hüquq və İnsan Haqları İnstitutu arasında əməkdaşlıq


Digərləri 01 Okt 2019 17:11:00 276 0

MPK ilə AMEAnın Hüquq və İnsan Haqları İnstitutu arasında əməkdaşlıq

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafazadə ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov arasında görüş olub. Görüşdə fiziki imkanları məhdud olan insanların hüquqlarının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Son.az xəbər verir ki, Aytən Mustafazadə qeyd edib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu əlilliyi olan şəxslərin hüquqlarının tam şəkildə təmin olunması ilə bağlı Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq etməyə maraqlıdır. Bu əməkdaşlıq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluq və müyəssərliyin təmin olunması istiqamətində ola bilər. A. Mustafazadə qeyd edib ki, bu gün Bakıda və ölkəmizin digər regionlarında əlilliyi olan şəxslərin qarşılaşdığı başlıca problemlər müyəssərliklə bağlıdır. Fiziki məhdudiyyəti olan insanların şəhərdə və müxtəlif obyektlərdə rahat hərəkət edə bilmələri üçün müyəssərliyin təmin edilməsi vacibdir. Onun sözlərinə görə, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən bu sahədə təbliğat istiqamətində bir sıra işlər həyata keçirilib. Lakin Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq işlərin daha da effektivliyi üçün faydalıdır. MPK prezidenti İlqar Rəhimov öz növbəsində rəhbərlik etdiyi qurum barədə məlumat verib. O qeyd edib ki, Milli Paralimpiya Komitəsi əsasən idman təşkilatıdır. Bununla belə, komitə məhz əlilliyi olan şəxslər bağlı ölkədə fəaliyyət göstərən ən böyük qurumdur. "Əsas hədəfimiz əlilliyi olan şəxslərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasıdır. Biz istəsək də, istəməsək də, əlilliyi olan şəxslərin digər problemləri ilə də məşğul oluruq. Küçələrdə, universitetlərdə, məktəblərdə və yarışların keçirildiyi idman arenalarında müyəssərliyin olmaması, əlilliyi olan idmançıların fəaliyyətinə maneələr yaradır. Odur ki, biz həmin problemlərin həlli istiqamətində də işlər görməli oluruq", - deyə o əlavə edib. İlqar Rəhimov ölkəmizdə infrastruktur obyektlərinin əlillər üçün müyəssər olması üçün işlər görüldüyünü qeyd edib və əlavə edib ki, bu sahədə ekspertlərin hazırlanması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Görüş zamanı millət vəkili Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib. MPK prezidenti İlqar Rəhimov təklifi müsbət qarşılayıb. Bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.