Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər


Digərləri 01 Okt 2019 16:42:00 202 0

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək.

Bakı. Elçin Mehdiyev - ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək. Trend-in məlumatına görə, Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər. Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək. Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq. Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək. Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq. Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq. Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər. Səfər oktyabrın 8-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin