Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb


Digərləri 01 Okt 2019 14:41:00 223 0

Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsindəki fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb

Bakı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq Əlaqələr Sektorunun müdiri Zaur Vəliməmmədli və Təsisatın Gəncə Ofisinin rəhbəri Səbuhi Abbasov 26-27 sentyabr tarixlərdə Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyasının 25-ci ildönümünə həsr olunmuş tədbirində iştirak ediblər. Trend-in məlumatına görə, sözügedən tədbirdə Avropa Şuarsının İnsan Hüquqları Komissarı, BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin prezidenti, BMT-nin Milli İnsan Hüquqları ilə iş üzrə bölməsinin rəhbəri və bir sıra yüksək rütbəli rəsmiləri ilə yanaşı, Avropa Şurasına üzv ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları İnstitutlarının rəhbərləri iştirak ediblər. Tədbirdə Z. Vəliməmmədli çıxışı zamanı ilk öncə Azərbaycan Ombudsmanının və Qurumun bütün kollektivin adından Komissiyanın üzvlərini yubiley münasibəti ilə təbrik edib və xoş arzularını çatdırıb. O, Ombudsmanın ayrı-seçkiliyin qarşısının alınması sahəsindəki fəaliyyəti zamanı beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi yer verildiyini qeyd edib. Belə ki, hazırda Ombudsmanın Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üzrə Tərəfdaşlığa dair birgə proqram çərçivəsində “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihəsinə qoşulduğunu və bu layihə çərçivəsində həm təcrübəli kadrların yetişdirilməsinin, həm də ölkəmizdə maarifləndirici tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda o Ombudsmanın regionlarda keçirdiyi ictimai dinləmələr çərçivəsində təşkil olunan maarifləndirmə tədbirlərinin yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ayrı-seçkiliklə səmərəli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki, nifrət nitqi və ya ayrı-seçkilik hallarının müəyyənləşdirilməsində hüquqi maarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən multikultural dəyərlərə üstünlük verilən bir ölkənin Ombudsmanı olaraq regionlarda milli azlıqlar da daxil olmaqla, bütün əhali qrupları ilə görüşlər keçirdiyi onlarla maarifləndirmə işi apardığı xüsusi ilə vurğulanıb.