Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz


Digərləri 01 Okt 2019 13:11:00 258 0

Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz

Azərbaycan dövləti daim Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların qayğısına qalır.

Bakı. Elçin Mehdiyev - Azərbaycan dövləti daim Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların qayğısına qalır, veteranlarımızın, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı şəkildə siyasət həyata keçirir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, cəmiyyətdə insanlar müxtəlif statusa malikdirlər. Hər sosial təbəqənin, status daşıyıcısının dövlət qarşısında öz vətəndaşlıq vəzifələri var: "Dövlət - vətəndaş münasibətlərində ən mühüm məsələ ondan ibarətdir ki, dövlət vətəndaşları qarşısında öz öhdəliklərini yerinə yetirdiyi, onları müdafiə etdiyi, qayğısına qaldığı kimi, vətəndaş da öz vəzifələrini yerinə yetirsin. Bu isə sadəcə bir düsturdan ibarətdir ki, vətəndaş dövlətin qoyduğu qanunları pozmasın. Əks təqdirdə, cəmiyyətdə bir nizamsızlıq yaranar. Beləliklə, bu gün öz qazisini müdafiə edən dövlət sabah zəif vəziyyətə düşə bilər. Ölkədə xaos yarana bilər. Mən düşünürəm ki, vəziyyətin bu cür olmasını hər şeydən öncə Qarabağ qaziləri istəməzlər. Çünki onlar Vətənin, torpağın nə olduğunu digər vətəndaşlardan daha çox dərk edirlər. Azərbaycanın ərazi bütövlüyü üçün, Vətən torpaqlarının qorunması üçün sağlamlıqlarının bir qismini qurban veriblər, özlərini fəda ediblər”.