"Cəsarətin və mənliyin çatırsa..."


Siyasət 01 Okt 2019 09:32:00 200 0

"Cəsarətin və mənliyin çatırsa..."

Son vaxtlar AXCP-dən yaşanan olaylar ayrı-ayrı faktlardan ibarət toplu təsiri bağışlaya bilər. Lakin bu faktlar sanki bir məntiqi zəncirin həlqələri kimi sıralanır və partiyanın sədri, son illərdə Facebook bloqerinə çevrilmiş Əli Kərimlinin yürütdüyü mənhus "daxili siyasətin" bəhrəsi kimi ortaya gəlir.

Bəhs etdyimiz faktlar o qədər çoxdur ki, bir-birini sürəkli əvəzləyir, tükənmək bilməyən qalmaqallar seriyasına çevrilib.

AXCP 1997-ci ildən bəri bunca ağır durumda olmamışdı. Xarici ölkələrə sığınmış şəxslərin formalaşdırdığı YouTube müxalifətinə güvənən, bu marioentlərdən yararlanmağa çalışan Əli Kərimli stavkanı yanlış yerə etmişldi.

Həmin sosial şəbəkə müxalifətinin "azad bloqer"ləri və "müstəqil jurnalist"ləri, əslində, mühacir həyatı sürdükləri ölkələrin xüsusi xidmət orqanları tərəfindən tam idarə olunur, yönləndirilir. Əli Kərimli də Azərbaycana aşkar düşmən kəsilən, Azərbaycan qanunları ilə yanaşı, yaşadıqları ölkələrin qanunlarını kobuld şəkildə pozan, ümumiyyətlə, əxlaq və mənəviyyat qanunlarını tanımayan bu insanlar vasitəsilə məqsədinə çatmaq istəyir.

Fəqət, bu barədə bir qədər sonra.

Hələlik yeni qalmaqala diqqətinizi yönəldim.

..."1988-ci ildən etibarən xalq hərəkatının fəal üzvü olmuşam. Ölkəmizdə demokratik cəmiyyət qurulması uğrunda sizinlə birlikdə mübarizə aparmışam. Bütün çətinliklərə, dəfələrlə həbs olunmağıma baxmayaraq öz əqidəmdən dönməmişəm. Demokratiya, haqq-ədalətin bərqərar olması uğrunda mübarizəni həyatımın mənası hesab etmişəm. AXCP-nin ən fəal üzvlərindən biri olaraq, partiyada müxtəlif rəhbər vəzifələrdə olmuşam. 2015-ci ildə AXCP Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial bir adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev Facebook-dakı səhifəsi vasitəsilə partiyadaşlarına müraciət edib.

A.Əliyevin dediyinə görə, partiyadaxili, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin və xaricdə yaşayan oğlunun ərəb şeyxləri kimi yaşamasına sərf edən Əli Kərimlini onun kimi düzgün, əqidəli adam qane etməyib: "30 illik siyasi fəaliyyətimdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə aparıldığını desə də, əslində, partiyada sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb".

A.Əliyev daha sonra AXCP sədri Əli Kərimlini dələduz adlanıdırıb və onun partiya üzvləri ilə yanaşı, bütün xalqı illərdən bəri aldatdığını vurğulayıb.

"Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin anti-demokratik, qanunsuz partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdarsız, lakin onu dilə gətirməkdən çəkinirsiz. Bizim məqsədimiz Əli Kərimli kimi diktatoru yox, azad demokratik seçkilər nəticəsində xalqımızın etimad göstərdiyi siyasi liderin hakimiyyətə gəlməsi olmalıdır", - A.Əliyev söyləyib.

A.Əliyev etiraf edib ki, Əli Kərimli və onun əlaltıları onu da çirkin oyunlarının qurbanına çevirib, ləkələyib partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Fəqət A.Əliyev istefa verməyəcəyini bəyan edib: "Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən əqidədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda yaratdığı çirkin oyunlarına qarşı mübarizə aparacağıq. Bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, partiyamızın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar. Onun, əslində, xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar".

O, AXCP sədrinə də müraciət edib: "Əli Kərimli, bu illər ərzində apardığın çirkin, xəyanətkar oyunlar yetər. Partiyada yaratdığın diktaruraya son qoy! Əgər cəsarətin və mənliyin çatırsa, istefa ver! Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək! Bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə əlaltıları mənə qarşı böhtan və şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək qabaqcadan həmin şəxslərə səslənirəm ki, mənim barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər".

... Ağır sözlər, ağır ittihamladır.

Səbəblər çoxdur və onların arasında Ə.Kərimlinin şəbəkələnməyə üz qoymuş iaşə müxalifəti ilə sıx əlaqələri də az rol oynamır.

AXCP sədri, həm də bloqer şablon təfəkkür yiyəsi olduğundan anlamır və anlamaq istəmir ki, ABŞ-da yaşayan Sevinc Osmanqızı YouTube-dakı kanalını faktiki olaraq Əli Kərimlinin təbliğat ruporuna çevirə bilər: Vidadi İsgəndərli, Rafael Piriyev, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teyimurxan və başqaları Əli Kərimlinin bəh-bəhlə tərifləyə bilər - amma bütün bu qəfil sevgi həmin lümpenlərin, siyasəti plebey səviyyəsinə salmış adamların maraqlarıdır, vəssəlam.

Onlar yalnız öz mənafelərini güdürlər və həmin başabəla bloqerlərdən yararlandığını düşünən Əli Kərimlidən, əslində, kukla kimi istifadə edirlər.

Həmin söyüş mexanizmləri, sosial şəbəkə müxalifəti Azərbaycandakı indiki sekulyar, şüarlarında "Ləbbeyk!" kəlməsinin yer almadığı, seçkilərdən və siyasi mübarizədən bəhs edən müxalifətin düşmənidir.

Əli Kərimli hesab edirsə ki, bəhs etdiyim şüar qüsurlarının vasitəsilə hakimiyyətə zərbə vurur - yanılır. O, xaricdəki xüsusi xidmət orqanlarına qulluq edənlər vasitəsilə, əslində, Azərbaycandakı müxalifətin axırına çıxır.

Hər şey çox sadədir: YouTube və sosial şəbəkələr vasitəsilə gündə neçə saat canlı yayımda olanlar kütlədə inam hissi yaradaraq hakimiyyətlə yanaşı, ənənəvi müxalifəti də hədəfə alır, təhqir edirlər.

Bu adamlar nə təklif edirlər? Qan, qada, vətəndaş savaşı, qiyam, qarğaşa və xaos.

Əli Kərimli bu insanlardan faydalanmağa çalışıb.

Halbuki Azərbaycanın ənənəvi müxalifəti nə qədər aqressiv olsa da, qanunlara riayət etməyə çalışır, dövlətin və millətin qədrini bilir, ləyaqətlə şərəfini xaricdəki ağalara asanlıqla satmağa müştaq olmur.

Azərbaycanda siyasi mübarizə və ritorika Milli Məclisin divarlarının içində olmalıdır. Onu seçən insanların, seçicilərin dəyərini bilən, bu dəyərdən yararlanmaq imkanını vermiş dövləti canından artıq görən millət vəkilləri ayrı-ayrı siyasi qüvvələrin təmsilçiləri olmalıdırlar.

Dava etsələr də, süpürləşsələr də, əlbəyaxaya çıxsalar da, eyb etməz.

Sivil və demokratik dövlətlərdə siyasətçilərin davası parlamentdə olur.

Siyasətç davaları küçələrdə, meydanlarda olursa, bu, çox pisdir.

Əli Kərimli həmişə nədənsə pisin arxasına düşüb, yaxşı sözlər danışaraq pisə xidmət edib.

Onun siyasi perspektivlərinin olmaması, daha doğrusu AXCP sədri və bloqerin perspektivlərini özünün sürəkli şəkildə, inadla məhv etməsi də məhz belə düşüncə tərzi ilə bağlıdır.

Xanımına və qızlarına zorakılıq tətbiq etməsi, az qala onları işgəncələrə məruz qoyması ilə bağlı qalmaqaldan sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının istefa verməsi çox cəlebidici informativ yüklü olay təsiri bağışlaya bilər.

Amma AXCP-də yaşanan və Qəhrəmanlı biabırçılığ qədər müzakirələrə səbəb olmayan, lakin siyasi təsir yükü heç az, bəlkə də çox olan hadisələr var ki, partiya rəhbərliyi onları pərdələməyə, ört-basdır etməyə çalışır.

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun partiyanın sədri Əli Kərimli ilə danışığının səs yazısı sosial şəbəkələrə sızdırıldı, AXCP üzvlərinin rayon özək təşkilatları vasitəsilə sosial şəbəkələrdə trolluğa təhrik və vadar edilmsi sübut olundu, partiyanın funksionerləri arasında az qala düşmənçilik münasibətləri ortaya çıxdı və s.

İndi də Aydın Əliyevin bəyanatı.

Unutmayaq ki, Aydın Əliyev AXCP-nin 3 legitim rəhbər strukturundan birinin rəhbəridir və partiyanın idarəetmə mexanizmlərinə də əla bələddir. Onun Əli Kərimliyə qarşı çox ağır ittihamlar irəli sürməsi ilk baxışdan qiyam təsiri bağışlasa da, AXCP-dəki çox dərin böhrandan, ağır durumdan xəbər verir.

AXCP dərhal fövqəladə toplantı çağırmalı və yaranmış vəziyyət müzakirə olunmalıdır.

Təbii, mini-diktator Əli Kərimli imkan verərsə...

Elçin Alıoğlu Son.az