Xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib


Digərləri 01 Okt 2019 00:05:33 361 0

Xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Layihə sentyabr ayından başlayıb və əsasən ƏƏSM nazirliyi yanında İctimai Şuranın işçi qruplarının fəaliyyət komponentlərini əhatə edir.

Bakı. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şəhid ailələri, qaçqın və məcburi köçkünlərlə işləyən vətəndaş cəmiyyəti qurumları, icma nümayəndələrinin iştirakı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri (QMƏVŞA) İctimai Birliyinin baş ofisində ictimai müzakirələr keçirilib. Trend-in məlumatına görə, müzakirələrdə ƏƏSM nazirliyi yanında Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Mirzəyev, bir sıra nazirliklərdə və hökumət qurumlarında təmsil olunana ictimai şura sədrləri və üzvlər, ekspertlər də iştirak edib. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən qeyri hökumət təşkilatlarının fikirləri dinlənilib, təkliflər səsləndirilib. Tədbiri giriş sözü ilə açan ƏƏSM nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev layihənin məqsədi və gözləntilər haqda məlumat verib, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri sosial islahatların əhəmiyyətindən söz açıb. O, insanların hüquqlarının bilməməsi səbəbindən meydana çıxan haqlı və ya haqsız vətəndaş narazılığından söz açıb və bu baxımdan vətəndaş iştirakçılığının, maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də xüsusi qayğıya ehtiyacı olan şəxslərin problemlərinin həlli məsələlərində şəffaflığın və əlçatanlığın təmin olunması üçün yaradılan yeni xidmətlərin, günərzi mərkəzlərinin gördüyü işlərin vacibliyinə toxunub. O, həssas qrupların və xüsusi qayğıya ehtiyacı olanlarla işlərin gücləndirilməsi üçün bu kateqoriya insanların vacib hesab olunan məsələlərinin növbəti ilin büdcəsində nəzərə alınmasının əhəmiyyətinə toxunub, günərzi mərkəzlərinin ölkəmiqyasında yayılmasının vacibliyini qeyd edib. “Ümid” Sosial Humanitar təşkilatının sədri İsrail İsgəndərov təhsil sahəsində xüsusi qayğıya ehtiyacı olanların 4 kateqoriya üzrə təhsil haqqlarından azad olunduğunu və bu ildən əlilliyi olan şəxslərin də bura əlavə edildiyini bildirib. “Çernöbıl Əlilləri” İB-nin sədri Mirhəsən Həsənov, “Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev, “Əfqanıstan Veteranları” İB-nin sədri Məhəmməd Vəliyev də həssas qrupların ən ağır şəraitdə yaşayanlarının növbədənkənar mənzillərlə təmin olunması, pensiya məsələləri zamanı müvafiq həddin müharibə veteranlarına da şamil olunması və.s təklif edib. “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İB –nin sədri Radə Abbas təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların su, qaz təhcizatı zamanı müvafiq limitlərdən yararlanmasının zəruriliyini, “Erməni Təcavüzünün Tanıdılması” İB-nin sədri Səriyyə Müslümqızı isə təmas xətti ərazilərdə məskunlaşan insanlarımıza qayğının artırılması, məmur vətəndaş münasibətlərinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıb. “Sağlam Inkisaf və Maarifləndirmə” İB-nin sədri ümumiyyətlə bələdiyyələrin də yerlərdə maarifləndirmə işlərinə cəlb olunmasından söz açıb, layihənin maarifləndirici əhəmiyyətinə toxunub. Qeyd edilənlərlə yanaşı tədbirdə milli qəhrəmanların ailə üzvlərinə xüsusi güzəştlərin tətbiq edilməsi, sağlamlıq və bərpa məsələləri, sağlamlıq imkanları məhdud şəxslərin, müharibə əlillərin həkim ekspert komissiyası tərəfindən müvafiq sənədlə təmin edilməsi sahəsində yaranan şətinliklərlə bağlı və müzakirələrin onlayn aparılmasına dair təkliflər səsləndirilib.