Masazır bələdiyyəsindən "YENİLİK":


Digərləri 30 Sen 2019 20:24:00 242 0

Masazır bələdiyyəsindən "YENİLİK":

Abşeron rayonu Masazır qəsəbəsində sakinlər xoşagəlməz yenilikdən əziyyət çəkirlər. Zibil qutuları qəsəbədən tamamilə yığışdırılıb, sakinlərə isə tapşırıq verilib ki, məişət tullantılarını torbalara qoyaraq, yol kənarına və ya həyətlərin qarşısına qoysunlar. Gün ərzində isə, torbalar zibil maşınlarına yığılaraq daşınacaq. İndi isə küçələrdə, ağac və divar dibində, piyada səkilərində onlarla belə zibil torbası görmək olar. Son.az xəbər verir ki, ARB TV-nin əməkdaşları məsələ ilə bağlı araşdırma ediblər. Masazır qəsəbəsinin ana yolu olan Əliağa Vahid küçəsində zibil qutularına atılmalı olan tullantı dolu torbalar yol kənarına düzülüb. Zibil qutularının yığışdırılması və tullantıların bu şəkildə "sərgilənməsi" təşəbbüsü isə Masazır bələdiyyəsindən gəlib.  Sakin: Əvvəl yaxşı idi, zibil qabları var idi, camaat zibili qablara atırdı. İndi isə yoxdur, necə gəldi gətirib yol kənarına atırlar. Ərazidə çəkiliş sədası gözləniləndən də tez yayıldı. Dərhal zibildaşıyan maşın və fəhlələr təmizliyə başladılar. Daha sonra məlumumuz oldu ki, qəsəbənin daxili küçələrindən də zibil qutuları yığışdırılıb. Sakinlər zibili ya həyətlərində saxlamalı, ya da qapının kandarına qoymalıdır. Fəhlələr də gəlib oradan götürməlidir. Bunun müqabilində isə sakinlərdən aylıq 3 manat xidmət haqqı tələb olunur. Bəzən isə insanların mədəniyyəti imkan vermir ki, zibil torbalarını küçələrə atsınlar. Onlar çəlləkləri zibil qutusu əvəzinə istifadə edirlər. İnsanların buna məcbur edilməsi isə gülüş doğurur. Masazır bələdiyyəsinin fikirlərini eşidəndə isə bir anlıq, sakinlərin gördüyünü aidiyyəti qurumun görmədiyini düşünürsən. Siyanfər Əliyev - Masazır bələdiyyəsinin sədri: "Bizim ərazidə 165 zibil qutusu var idi. Müəyyən çətinliklərimiz oldu, xüsusi MMC yaradıldı. Onlara səlahiyyət verildi. Sakinlərlə marifləndirici söhbətlər aparıldı. Qara torbalar paylandı. 1, 3, 5-ci günlər bir hissə zibillər, qalan günlər isə digər hissə təmizlənir". Aparılan maarifləndirici söhbətlərin, rast gəlmədiyimiz qara torbaların, həftədə 3 gün aparılan təmizlik işlərinin yaratdığı mənzərə göz qarşısındadır. Amma maraqlı olan qutuların ərazidən yığışdırılması ilə bağlı aldığımız cavab oldu: "Zibil qutuları həddən artıq dolurdu. Yolu Masazırdan keçən digər kənd və qəsəbə sakinləri də tullantılarını avtomobildən bu qutulara atırdı. Odur ki, yeni sistemə keçmək qərarına gəldik". Bu yerdə təbii ki, sual yaranır, Bakı şəhərindən Masazır qəsəbəsinə avtomobili ilə gələn adamın avtomobilində hər hansı su qabı və ya yüngül tullantı var, bunu nə etməlidir? Paketə qoyub yola atmalıdır? Siyanfər Əliyev - Masazır bələdiyyəsinin sədri: "Yox, niyə yerə atır ki,  yeşik yoxdusa atmasın. Bakı şəhərindən gətirirsə, Bakı şəhərinə atsın. O, qutular Bakı şəhərinə, Novxanıya xidmət etmək üçün deyil axı". Yalnız Masazırlılar üçün nəzərdə tutulan qutulara başqalarının da zibil atmasına qısqanclıqla yanaşıb onları ümumiyyətlə ləğv etmək və tullantını birbaşa qapılardan toplamaq. Nə qədər qəribə səslənsə də normal təşkil edildiyi halda ideyanı ağlabatan adlandırmaq olar. Amma kənardan gələnlər də zibil atır deyə qəsəbəni başdan ayağa zibilə qərq edən qərarı anlamaq həqiqətən də çətindir. 

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});