Paşinyanın sərsəmliyi ölkədə bu hadisələrə səbəb olacaq


Dünya 30 Sen 2019 17:39:00 262 0

Paşinyanın sərsəmliyi ölkədə bu hadisələrə səbəb olacaq

Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Politnaviqator" informasiya agentliyinin bu başlıq altında dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlardan və qəribə təyinatlarından söhbət açılır. Məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərinin - Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəribə qərarlarından biridir. Çünki cəmi bir neçə ay əvvəl elə Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyasının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar verməkdə təqsirləndirib. Paşinyan da öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisin ona qarşı çıxmasını "poqonları zibil yeşiyinə atmaq" kimi qiymətləndirib.

Agentlik yazır ki, Paşinyanın ətrafından sızan məlumata görə, MTX-nin rəisi vəzifəsinə hazırkı ədliyyə naziri 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir. Gənc olmağı bir tərəfə qalsın, Badasyan, ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün də çalışmayıb. Gələcək rəisin Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb.

Məqalə müəllifi Ermənistan baş nazirinin qəribə qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini misal gətirir. Qriqoryanın Ermənistan ilə Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə sübutdur. Paşinyan hökumətinin daxilində bu yaramaz qərarlarla bağlı baş verən münaqişələrdən yazan müəllif vurğulayır ki, küçədən yığılmış meydan hökumətində belə hallar əvvəlcədən gözlənilən idi və inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası martın axırlarında əriməyə başlayan qar yığınını xatırladır.