“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” sərgisinin açılışı olub (FOTO)


Digərləri 30 Sen 2019 16:58:00 268 0

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” sərgisinin açılışı olub (FOTO)

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir

Bakı. Cani Babayeva - Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir. Trend-in məlumatına görə, festival çərçivəsində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub. Bu layihə Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz şəhər” ASC-nin təşkilatçılığı və IDEA İctimai birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun və “Q Gallery” qalereyasının dəstəyi ilə keçirilir. Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın məişət tullantılarından hazırladığı işlər təqdim olunur. Ekspozisiyaya Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan incəsənət nümayəndələrinin əsərləri daxildir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin sədri Əsgər Ələkbərov, “Təmiz şəhər” ASC-nin rəhbəri Etibar Abbasov, ictimai xadimlər, Azərbaycandakı diplomatik missiyaların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri sərgidə təqdim olunan əsərlərlə tanış olublar. Qeyd edək ki, “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən təşkil olunur. Builki sərgi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar şairin yaradıcılığına həsr olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin