"Təhqir yazan olanda Kamilə deyirəm onların yazdığından da betər cavab verir" MÜSAHİBƏ FOTO


Şou-biznes 30 Sen 2019 13:18:00 321 0

"Təhqir yazan olanda Kamilə deyirəm onların yazdığından da betər cavab verir"  MÜSAHİBƏ  FOTO

Son.az xanəndə-müğənni Gülay Zeynallının qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Bir vaxtlar kənara çəkilmişdiz, bu mövsümdən isə aktiv şəkildə yaradıcılığınızla məşğul olursuz. Kənarda olduğunuz müddətdə bu sahə necə görünürdü?

- Bir ara durğunluq var idi, hiss edirdim. Kənardan olanlara baxırdım. Bəlkə də məni həvəsdən salan nüanslar var idi. Amma artıq belə deyil. Şükür ki, indi ətrafımda sənətə dəyər verən insanlar var. Onların verdiyi məsləhətlərdən düşünürdüm ki, deməli, bəzi şeylər gəldi-gedərdir. Bir vaxtdan sonra bunların hamısı ələnir. Ona görə də neçə illər çəkdiyin əziyyəti, oxuduğun məktəbləri, gördüyün sənətkarları qurban etmək lazım deyil. Sadəcə olaraq çox heyfim gəlir ki, niyə bizim musiqimiz belə olmalıdır?! İstəmirəm ki, musiqimiz zay olub getsin. Kim istəyər ki, pul qazanmasın? Amma hər şey dərəcəsində olmalıdı.

- Biz adətən muğam ifaçılarını səhnədə modern geyimlərdən uzaq görürük. Siz isə bu "dress code"u pozursuz.

- Ümumiyyətlə, mən geyim daxil olmaqla, hər şeyi ürəyim necə istəyirsə, elə də edirəm. İnanın! Gündən-günə hər yer müasirləşir. Niyə də bu tərzdə geyinməməliyəm? Məsələn, açılışlara gedirəm. Ora özümü necə rahat hiss edirəmsə, elə də geyinib gedirəm. Baxmayaraq, ətrafımda olan insanlar deyir ki, paltarın oralıq deyil. Əsas mənim rahatlığımdır. Demək olar ki, həyatımızın 70 faizi göz qabağındadır. Bahalı paltar, ayaqqabı almağım istəyimdən irəli gəlir.  Necə istəyirəmsə, elə də yaşayıram. Pis çıxmasın, Allah hər insana bir qismət yazır. Onu da yaxşı mənada istifadə etmək lazımdır.

- Geyimdən söz düşmüşkən, son zamanlar sizin haqda ən çox eşitdiyimiz söz odur ki, Gülay həqiqətən brend məhsullar geyinir. Yoxsa onlar "A class" və "fake"dir?

- Bilirdim ki, bu mövzuda mənə sual verəcəksiz. Tutaq ki, ayaqqabı bəyənirəm. Amma ağlım yerindədir. Bir ayaqqabıya 5 min manat verməyin nə mənası var? Onun yarısı qiymətə alaram. Amma bir söz deyim. Bir sənət insanı adi müsahibə verir və yaxşı geyinməyəndə deyirlər ki, bu niyə özünə baxmır? Hər bir insanın öz fikri var. Amma paltarı alarkən kiminsə cibinə girmirəm, haqqını tapdalamıram, boğazından kəsmirəm. Şükür ki, özüm əziyyət çəkərək maşın, ev almışam. Hər şeyim var. Toya gedirəm, qazanıram. 5 günlük dünyadır. Əgər qazanıramsa, yaxşı səhnələrə çıxıramsa, dəyərli tədbirlərdə iştirak edirəmsə, niyə də brend geyinməməliyəm? Onu deyim ki, qapalı həyatım var. Ətrafımda iki-üç xanım var ki, onlarla görüşə bilərəm. Qalan vaxtı isə övladımla keçirərəm. Ancaq istədiyim kimi yaşayıram. Həm də gözəl geyinməyi sevirəm. Bu, mənə zövq verir. Qızlarla görüşürsən, salona girirsən, deyirlər ki, Gülay, nə gözəlsən. Qadına deyilən bu cür sözlər onu xoşbəxt edir. Belə başa düşürəm ki, qadın özünə baxmalıdır.

- Gülay xanım, bəstəkar-müğənni Murad Arif maraqlı bir fikir bildirmişdi. O, estrada və muğam-xalq ifaçılarını müqayisə edəndə birincilərin daha fədakar olduğunu bildirmişdi. Qeyd etmişdi ki, gənc muğam ifaçıları nə aranjimana, nə də mahnıya pul xərcləyirlər. Hazır ifanı götürüb oxuyurlar. Sonra isə onlara böyük sənətkar deyirlər. Siz muğam ifaçısı olsaz da, mahnı janrına müraciət edirsiz və mahnılar yazdırırsız. Ümumi baxanda bu müqayisə ilə razısız?

- Murad Ariflə münasibətim yaxşıdır, hər kəsin fikrinə hörmətlə yanaşıram. Mən də estrada janrında olan mahnılar oxuyuram, aranjiman etdirirəm. Maddi cəhətdən çox pul çıxır. Amma muğam toxunulmazdır. Bunun əziyyəti maddiyyatdan qat-qat üstündür. Əvvəlcə onu deyim ki, heç bir xanəndə səhnədə çıxıb fonoqram muğam oxumur. Bir dəzgahı ifa edirsə, onun içində 5 qəzəl olur. Ən azı... Bəs bu qəzəlləri öyrənmək? İnsanlar bir şeiri güclə əzbərləyir. Ümumiyyətlə, əziyyətsiz iş yoxdur. Sadəcə olaraq hər kəs öz işinə uyğun əziyyət çəkir. Hər kəs öz sahəsini özü seçir. Kimsə məcbur etmir ki?

- Gülay xanım, tamam başqa mövzuda bir sual verəcəm. Populyar insanların əksəriyyəti ilə qohumları arasında narazılıq olur. Müğənni var ki, neçə illərdir yığdığı statusu hansısa bir qohumun yersiz hərəkəti ilə yerlə bir edir. Nümunə kimi Xalq artisti Mələkxanım Əyyubovanı misal çəkə bilərik. Özü də bunu təsdiq edir.  Bəzən qohumlar kömək etmədikləri təqdirdə hətta hansısa məşhuru şantaj edirlər, mətbuata çıxacaqlarını bildirirlər. Sizdə vəziyyət necədir?

- Biz ailədə üç bacıyıq. Sonbeşik mənəm. Mən anama, bacılarıma və öz ailəmə cavabdehəm. Bir-iki dəfə başıma belə bir şey gəlib. Ola bilər ki, uzaq qohumlar artıq-əskik hərəkətlər edir. Sonra isə mənə zəng vuraraq kömək istəyirlər. Onlara cavab verirəm ki, axı mən sizə vaxtında demişdim, eşitmədiz. Ziyan olan şeylər edirlər. Sabahı gün deməyəcəklər ki, filankəs! Yazacaqlar ki, Gülayın qohumu... Mənim adımı niyə bada verirsən? Əvvələr belə şeylərə fikir verirdim, bəlkə də, günlərlə evimə həkimlər gəlirdi. Mənim burada nə günahım? Sonra düşündüm ki,  hər kəs özünə cavabdehdir. Həmin insanlar ailəsini heç düşünmür. İnanın, mən bir addım atanda anamı, bacılarımı düşünürəm. Onların da bir ailəsi var. Səhvsiz insan yoxdur, sadəcə olaraq nəticə çıxarmaq lazımdır.

- Bu sualı sizə niyə verdiyimi yəqin ki, anladız. Bir müddət əvvəl xalanız qızının psixoloqla pul qalmaqalı olub. Və o, sizin də adınızı hallandırır ki, Gülay köməklik göstərəcək.

- Mən heç kimə cavabdeh deyiləm. Amma bu, məntiqsiz bir şeydir. Sən kiməsə nəsə ödəyəndə mənə demişdin? Yoxsa, mənim xeyrim var? Mən məni düşünən insanlara cavabdeh deyiləm.

- Muğam ifaçıları adətən şou arenasından uzaq gəzir. Siz isə birbaşa mərkəzindəsiz. Şou-biznesdə belə düşüncə var ki, ailəli olmaq, uzunmüddətli ciddi münasibət yaşamaq xüsusi bir statusdur. Onlar adətən həyat yoldaşlarını, sevgililərini mühafizəçi gözündə görürlər.  

- Qadın heç vaxt həyat yoldaşına, ciddi münasibətdə olduğu şəxsə mühafizəçi gözündə baxmamalıdır. Sizə misal çəkim: Toya gedirəm, orada Kamil ( Kamil Zeynallı) yoxdur ki?! İşçim və mənəm. Özümü elə aparmalıyam ki, kimsə artıq-əskik bir söz deməsin. Deməli, elə geyimdən istifadə etməliyəm ki, kimsə mənə baxmasın. Birinci özüm-özümü  idarə etməliyəm. Mən oturuşumu, danışığımı  bilməyəndən sonra Kamil gəlib nə etsin? Birinin-ikisinin ağzını yuma bilər, sonra?  Sən elə bir gücə sahib olmalısan ki, özünü idarə edə bilərsən.

Sizə başqa bir şey danışım. Mənim barədə məlumatlar, xəbərləri digər səhifələr qoyur. Vaxtım olanda şərhləri oxuyuram. 99 faiz mənim barədə müsbət şeylər yazır. Bunun səbəbkarı kimdir?

- Kamil?

- Xeyr. Amma bəzən olmayan şeyləri yazırlar, heç cür həzm edə bilmirəm. Özüm Kamilə deyirdim ki, filankəs filan şey yazıb. Qadın nə qədər cavab versə də, kişi kimi cavab verə bilmir.  

- Bəs sonrakı proseslə maraqlanırsız? Həmin şəxslərin aqibəti necə olur?

- Baxın, normal tənqid edə bilərlər. Söhbət pis təhqirlərdən gedir. Düzdür, Kamilə deyirəm, həmin şəxsə onun yazdığından da betər cavab verir. Hətta deyirəm ki, Kamil məni peşman etmə! Amma qadınam, o sözləri götürə bilmirəm. Aqibətləri barədə deyim ki, səs-soraqları çıxmır. Amma bir gün səsləri pis çıxacaq (gülür).

- Kamil kənardan çox mühafizəkar görünür. Siz isə mülayim...

- Bilirsiz niyə? Sənətlərimiz çox fərqlidir. Məndə incəsənətdir. Adından bilinir. Bu dünyanın insanı kövrək, həssas olur. Amma idmançılar vurmaq, ağır məşq etmək, çəki aldırmaq və s... Belə şeylər normaldır. Allah hər insanı bir cür yaradır.

- Şou-biznesdə Kamil-Gülay ayrılığı barədə şayiələr gəzir. Mövzu barədə heç vaxt danışmamısız...

- Mən şəxsi həyatım barədə danışmamışam. Bundan sonra da danışmaq fikrində deyiləm. Boş verin! Növbəti sual?

- Yaxşı, bir az da qızınız Sahilədən danışaq. Sahilənin heyvanlara sevgisi göz önündədir. Amma faiz etibarilə götürsək valideynlərin çoxu övladlarını heyvanlardan uzaq tutur, onları bu sevgidən məhrum edirlər.