Bakıda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir


Digərləri 30 Sen 2019 10:40:00 258 0

Bakıda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir

Bakıda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin giriş-çıxışları ilə birlikdə uzunluğu 80.2 metr, qalereyasının eni 4.4 metr, hündürlüyü isə 3 metrdir. Keçid bağlı qazma üsulu ilə inşa edilir və Heydər Əliyev prospektində hərəkətə heç bir maneə yaradılmır. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.

2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə yerüstü piyada keçidi. Piyada keçidi üstü açıq və asma tiplidir. Metal konstruksiya orta dayaqsızdır və keçidin əsas hissəsi asma troslar vasitəsilə saxlanılacaq. 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 130 metr, eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir. Piyada keçidində 2 lift quraşdırılacaq. Keçidin tikintisi 80 faiz yerinə yetirilib.

3. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 metr, eni 3.5 metr, yol üzərindən hündürlüyü isə 5.5 metr təşkil edir. Keçidin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb.

4.Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59.4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5.15 metr təşkil edir. Keçidin bünövrə, dayaq və pilləkən hissələrinin tikintisi başa çatdırılıb. Hazırda aşırım hissəsinin yığılması zavod şəraitində aparılaraq yekunlaşdırılır.

5. Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidi. Keçidin uzunluğu 76 m, eni - 3.6 m, yol səviyyəsindən hündürlüyü isə 9.4 m-dir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib. Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi isə zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib.