Alimlər dünyada yeni geoxronoloji epoxanın başlandığını hesab edirlər


Digərləri 30 Sen 2019 07:00:00 292 0

Alimlər dünyada yeni geoxronoloji epoxanın başlandığını hesab edirlər

Dünyada hələ heç bir canlı növü Yer kürəsini insan qədər massiv və geri dönülməz şəkildə dəyişdirməyib. İnsanın ətraf mühitə təsirinin əlamətlərini hətta min illər sonra da Yer kürəsinin torpaq süxurlarında görmək mümkün olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq ekspertlərdən ibarət alimlər qrupu yaxın dövrdə formal olaraq Yer kürəsində yeni geoloji dövrün elan olunmasını təklif edəcək. Alimlərin fikrincə, təxminən 11 min 700 il bundan əvvəl başlamış, Dördüncü dövrün bir hissəsi olan və hazırkı mülayim dövr ilə müəyyən edilən Holosen geoloji epoxası artıq başa çatıb. Alimlər insan təsiri nəticəsində formalaşan yeni geoxronoloji dövrə Antropozen adı veriblər.

İsveçrənin gündəlik "Neue Zürcher Zeitung" qəzeti həmin ekspertlər qrupuna daxil olan tanınmış paleontoloq Raynholf Laynfelder ilə müsahibə dərc edib. Alim bildirib ki, yeni geoxronoloji dövr hipotezi əsrimizin əvvəlində görkəmli holland meteoroloqu, Nobel mükafatçısı Paul Krutzen (ozon dəliklərinin yaranmasının fiziki və kimyəvi əsaslarına dair araşdırmalar müəllifi kimi tanınır) tərəfindən irəli sürülüb. 2009-cu ildə Dünya Geoloqlar Cəmiyyətinin Stratiqrafiya Komissiyası həqiqətən də Yer kürəsində geoloji cəhətdən dövr dəyişikliyinin baş verdiyinə dair bu hipotezin araşdırılması üzrə işçi qrupu yaradıb.

Alim bildirib ki, 11 min 700 il əvvəl Buzlaşma dövrünə aid təbəqənin əriməsi ilə Holosen dövrü başladı və Yer kürəsində sabit iqlimin təşəkkül tapması insanların həm geniş ərazilərə yayılmasına, həm də qədim mədəniyyətlərin inkişafına şərait yaratdı. Səkkiz min il ərzində dünyada orta illik temperaturun cəmi bir dərəcə fərqlə davam etməsi insan övladına oturaq həyata keçməyə, əkinçilik və heyvandarlıqla məşğul olmağa münbit şərait yaratdı.

R.Laynfelder, həmçinin qeyd edib ki, artıq Yer kürəsində geoloji olaraq fərqli bir mənzərə ilə üz-üzəyik. Belə ki, 400 milyon il ərzində mavi planetin təkində yığılan karbon oksidlərinin (kömür, neft, təbii qaz və s.) əhəmiyyətli bir hissəsi son iki əsrdə insanlar tərəfindən istismar olunub və istehlak zamanı yaranan zərərli qazlar atmosferə buraxılıb. Havaya buraxılan antropogen azot və karbon oksidlərinin miqdarı təbii mənbələrin buraxdığı qazların miqdarını dəfələrlə üstələyir. Atmosferdə karbon oksidləri və metan qazının konsentrasiyası nəticəsində okean və dənizlərdə suyun səviyyəsi qalxır, okeanlarda turşuluğun miqdarı yüksəlir, hava və suyun temperaturu artır. Əgər bəşəriyyət günü bu gün fossil enerji mənbələrindən istifadəni dayandırsa belə, atmosferdəki zərərli qaz kütləsinin çoxluğu nəticəsində iqlim dəyişikliyi prosesləri yenə də davam edəcək. Yalnız uzun bir müddətdən sonra zərərli qazların atmosferdə miqdarı azala bilər və məhz buna görə də alternativ enerji mənbələrindən istifadəyə ciddi şəkildə diqqət ayrılmalıdır.

Alimin sözlərinə görə, bəşər övladının Yer kürəsinə mənfi təsirləri təkcə atmosferə buraxılan zərərli qazlarla bitmir. İnsan, həmçinin mavi planeti fiziki olaraq dəyişikliklərə məruz qoyub. Daimi buzdan azad quru sahəsinin 77 faizi daha toxunulmamış təbii ərazilər sayılmır, insan bütöv dağları yarır, landşaftda çay yataqları salır, süni su hövzələri və anbarlar yaradır, tikinti iqtisadiyyatı, kənd təsərrüfatı və mədən sənayesi torpaqda eroziya proseslərini sürətləndirir. Hazırda quruda və suda biomüxtəliflik böyük təhlükə altındadır, minlərlə bitki və heyvan növü insanın birbaşa təsiri ilə yox olub, bir çox ərazilərdə ev heyvanlarının qeyri-proporsional səviyyədə artımı vəhşi təbiəti məhvə sürükləyir, eləcə də əraziyə yad bitki və heyvanların müxtəlif qitələrə insan tərəfindən yayılması yerli növlərin yaşayış arealını məhdudlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});