Güney təşkilatları NyuYorkda ‘İranın Gələcəyi’ toplantısına qatılıblar


Dünya 29 Sen 2019 19:49:00 367 0

Güney təşkilatları NyuYorkda ‘İranın Gələcəyi’ toplantısına qatılıblar

"Güney Azərbaycan Milli Hərəkatına" mənsub bir neçə təşkilat və bəzi türk fəallar Nyu-York şəhərində təşkil olunan "İranın Gələcəyi Üçün Beynəlxalq Konvensiya"-ya qatılıblar.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyası ilə eyni günlərdə keçirilən toplantı "Nüvə İrana Qarşı Birlik" (UANI) təşkilatının təşəbbüsü ilə keçirilib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, konvensiyada iştirak edən İranın türk, ərəb, kürd və bəluç icmalarına mənsub təmsilçilər "qeyri-fars millətlər üçün öz müqəddəratını təyin etmə haqqının" tanınmasına zəmanət verilməsinin zəruri olduğunu önə çəkiblər. Al-Monitor internet qəzetinin yaydığı məlumata görə, "Azərbaycan Mərkəzi Partiyası", "Əhvazın Azadlığı Üçün Ərəb Mücadilə Hərəkatı", "Bəluçistan Xalq Partiyası", "Federal İranın Milliyətləri Konqresi", "Xalqın Mücahidləri Təşkilatı", "İran Xalq Fədailəri Gerillaları Təşkilatı", "ABŞ Azadlıq və İnsan Haqları Fondu", "Güney Azərbaycan Demokrat Partiyası", "İran Kürdüstanı Mücadilə Təşkilatı" və "Amerikalı İranlı Cəmiyyətlərin Birliyi" kimi siyasi təşkilatlar bu konvansiyada iştirak ediblər.

Sosial mediada yayılan xəbərlər və görüntülərə istinadən, İranın siyasi qrupları və müxtəlif etnik icmalara mənsub təşkilatların təmsilçiləri toplantının müxtəlif panellərində nitqlər söyləyib və siyasi tələblərini açıqlayıblar.

Həmçinin ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culiani sentyabrın 24-də iştirakçılara danışıb. O, İranda rejim dəyişikliyini dəstəklədiyini ifadə edib.

Konvensiyada iştirak edən İranın türk, ərəb, kürd və bəluç icmalarına mənsub təmsilçilər "qeyri-fars millətlər üçün öz müqəddəratını təyin etmə haqqının" tanınmasına zəmanət verilməsinin zəruri olduğunu önə çəkiblər.

Toplantıda iştirak edənlərdən "Azərbaycan Mərkəzi Partiyasının" başqanı Saleh Kamrani deyib ki, "biz çoxmillətli, çoxmədəniyyətli və çoxdilli bir İrana inanırıq."