Avropadan yayılan videolar ölkəni qarışdırdı


Dünya 29 Sen 2019 10:31:00 254 0

Avropadan yayılan videolar ölkəni qarışdırdı

Misirdə sentyabrın 27-də prezident Abdel Fəttah əs-Sisiyə qarşı etirazların ikinci dalğası başlayıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, ötən cümə günü sentyabrın 27-də Qahirədə, İsgəndəriyyədə və digər şəhərlərdə cümə namazından sonra on minlərlə insan küçələrə çıxaraq prezidentin istefasını tələb ediblər. Nümayişlər ertəsi gün, sentyabrın 28-də davam edib.

Şahidlərin bildirdiyinə görə, hakimiyyət ölkənin iri şəhərlərinə əlavə ordu qüvvələri və polis göndərib. Qahirədə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. İsgəndəriyyədə isə eyni vaxtda prezident tərəfdarlarının mitinqi keçirilib, insanları Qahirədən və digər şəhərlərdən mitinqə aparıblar. Onlar əllərində Misir bayraqlarını və əs-Sisinin portretlərini tutublar.

Xatırladaq ki, Misirdə etirazların birinci dalğası sentyabrın 21-də gecə başlayıb. Etiraz dalğasını başladan isə İspaniyada mühacirətdə olan tikinti podratçısı Muhammed Əlidir. O, əs-Sisinin və hökumətinin, o cümlədən hərbçilərin korrupsiya əməllərinə dair videoçıxışlar yayır. Həmin videoçıxılar internetdə böyük populyarlıq qazanır.

Belə etirazlar indiki Misir üçün nadir hadisədir, ona görə ki, 2013-cü ildə hakimiyyəti ələ alan və islamçıları devirən hərbçilər ölkədə etiraz aksiyalarının keçirilməsinə qanunla faktiki qadağa qoyublar.

"Associated Press" bildirir ki, hakimiyyət etirazların ikinci dalğasını çox keçmədən yatırıb və aksiya iştirakçılarını kütləvi şəkildə saxlayıb. Son məlumata görə saxlanılanların sayı 2 mindən yuxarıdır. Təşkilatçılar isə buna baxmayaraq əs-Sisiyə qarşı yeni mitinqlərə çağırırlar.

Ölkənin iri provayderləri isə Facebook-a və populyar messencerlərə, habelə müstəqil xəbər saytlarına girişi bloklayıblar. Polis iri şəhərlərdə insanların küçələrdə dayanmasına və qruplar halında cəmləşməsinə mane olur.

(adsgarden = window.adsgarden || []).push({});