Gözdə itdirsəyi çıxıbsa


Digərləri 28 Sen 2019 21:23:00 251 0

Gözdə itdirsəyi çıxıbsa

İtdirsəyi-göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəif olanlarda, əsasən uşaqlarda meydana çıxır. Bu, badamcıq, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq" əmələ gəlir. Bu zaman irin xaric oluna bilər. Eyni zamanda bir neçə itdirsəyi əmələ gələr və onların birləşməsi baş verərsə, bu zaman xəstənin ümumi vəziyyəti ağırlaşa bilər. Xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yarana bilər. Belə olduqda mütləq olaraq oftalmoloqa müraciət etmək lazımdır.

Müalicə antibiotiklərin köməyi ilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə isə mütləq immunoloqa müraciət olunmalıdır. Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilyant yaşılı (zelyonka), yod və ya spirt vurmaq olar. Antiseptikin gözə düşməməsinə diqqət yetirmək mütləqdir.

İrin əmələ gəldikdə göz nahiyəsinə isti bir şey, misal üçün isitqac, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik qoyulduqda yaxşı effekt görmək olar. Dərman məhlulu ilə isladılmış pambıq və ya tənzif qoyulması isə məsləhət görülmür. Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz. Bu zaman infeksiya gözə yayıla bilər.

İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20 faizli sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir. Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır. İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar.

(adsgarden = window.adsgarden || []).push({});