Uşaqları mövsümi infeksiyalardan necə qorumaq olar?


Digərləri 28 Sen 2019 20:55:00 296 0

Uşaqları mövsümi infeksiyalardan necə qorumaq olar?

Havaların soyuması, fəsil dəyişməsi virus infeksiyalarının daha çox yayılmasına səbəb olur. Bundan ən çox əziyyət çəkən isə uşaqlar olur. Viruslar xüsusilə bağçalarda, məktəblərdə uşaqlar arasında sürətlə yayılır. Bir çox hallarda isə valideynlər azyaşlıların bağçaya, məktəbə gedən kimi virusa yoluxduqlarını, bu halın tez-tez təkrarlandığını, sağalma prosesinin isə çox uzun çəkdiyini vurğulayırlar.

Bəs uşaqları viruslardan necə qorumaq olar?

Son.az e-tibb.az-a istinadən bununla bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Pediatr Aytən İsmayılova e-tibb.az-a açıqlamasında bildirib ki,virus infeksiyalarının qarşısını almaq mümkün deyil, bu infeksiyalar həmişə olub və olacaq:

"Soyuq havalarda viruslar daha da aktivləşir. Soyuq travması nəticəsində uşaqlarda immunitet zəifləyir, virus infeksiyalarına yoluxma, ağırlaşma halları daha çox müşahidə edilir. Ağırlaşma hallarına daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir. İmmuniteti zəif olan uşaqlarda hər virus infeksiyası keçirən fəsadlar baş verir. Belə hallar təkrarlanırsa, artıq həkim özü də narahat olur və həmin uşağa immunoloji test edilir".

Həkim deyib ki, hərarətsiz qrip infeksiyası olmur: "Bəzən deyirlər ki, qripdir, amma hərarəti yoxdur. Virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip daha çox ağırlaşma verə bilər, meningit, pnevmoniya, bronxit s. yarada bilər. Hansı uşaqların ki, genetik allergiyası, obstruktiv bronxiti var, onlarda hər virus infeksiyasında ağırlaşma təkrarlana bilər. Biz daha çox risk qrupuna daxil olan, yəni obstruktiv bronxiti, astma, allergiyası olan uşaqları qorumağa çalışırıq ki, hər dəfə xəstələnəndə ağırlaşmasınlar. Digər uşaqlarda isə xəstələnmə halı ola bilər, amma əgər bu xəstəlik 3 günlük hərarət olandan sonra uşaqların halı düzəlməyə başlayırsa, narahat olmağa dəyməz. Sadəcə, uşaqlara bol maye, C vitamini ilə zəngin olan qidalar, meyvə-tərəvəz çox  verilməlidir. Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. İmmunitet kimdəsə güclüdür, kimdəsə zəif. Amma uşaqlar zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul edəndə onların bağırsağında mikroflora məhv olmağa doğru gedir və immunitet zəifləyir. Sağlam qidalanan,  meyvə-tərəvəzi, lifli qidaları  bol yeyən, dərmanlardan, antibiotiklərdən uzaq olan, əvvəldən ana südü ilə qidalanan uşaqların immuniteti güclü olur. Bundan əlavə, yay aylarında uşaqların kifayət qədər D vitamin qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir. Dəniz kənarına gedib qaralmaq immuniteti gücləndirmək demək deyil, əksinə zəiflətməkdir. Çünki dərinin də immun xüsusiyyətləri var, dəri qaralanda immunitet zədələnir, dağılır. İmmuniteti gücləndirən əsas vitamin D vitaminidir. Bu vitaminin əskikliyi olarsa, immunitet də zəifləyər. Uşaqlar ilboyu imkan olan kimi Günəşlə təmasda olmalıdırlar. Uşaq bağlı, qapalı məkanlarda az zaman keçirməlidir. Fəsil dəyişən kimi valideynlər dərhal gedib aptekdən balıq yağı, vitaminlər alırlar, amma bu səhvdir. Heç bir vitamin kompleksi və balıq yağı immuniteti möhkəmləndirmir".

A. İsmayılovanın sözlərinə görə, uşaqların məktəbə gedərkən maskadan, "Oksalin" mazından istifadəsi xəstəliyin qarşısını almır: "Qrip əleyhinə peyvənd var, bu da risk qrupa daxil olan uşaqlara tətbiq olunur. Amma ümumilikdə bütün məktəbli uşaqların qrip əleyhinə peyvənd olunması vacib deyil. Burada digər viruslar da olur, adeneviruslar, rotaviruslar və s. Hər bir virusun ağırlaşma təhlükəsi var, ona görə də uşaqları soyuqlamadan qorumaq lazımdır. Uşaqlara gigiyena qaydalarını öyrətməliyik ki, asqıranda, öskürəndə əlinə ağzına tutubsa, sonra əllərini sabunlayıb yusun. Ayaqyoluna gedəndə, pilləkənlərdən, qapı dəstəyindən tutduqdan sonra, qida qəbul etməzdən əvvəl mütləq əllər yuyulmalıdır".

"Tez-tez xəstələnən, xüsusilə də ağır xəstəliyi olan uşaqlara qrip peyvəndi vurula bilər"

(adsgarden = window.adsgarden || []).push({});