"İran artıq Avropaya etibar etmir"


Dünya 28 Sen 2019 15:14:00 231 0

"İran artıq Avropaya etibar etmir"

Artıq İran Avropaya etibar etmir. Avropalılar da ABŞ kimi yalan danışırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib.

İranın dini elitası ilə görüşən Ali Rəhbər qeyd edib ki, ABŞ kimi Avropa dövlətləri də imzalarına sahib çıxmadılar. Onların öz sözünün üstündə durmaları üçün imkan və potensialları yoxdur. Avropa dövlətləri müstəqil olsalar da ABŞ-dan ehtiyat edirlər ona görə də rəsmi Vaşinqtonun diktəsi üzrə hərəkət edirlər.

Əli Xamneyi bildirib ki, İran yalnız öz qüvvəsinə güvənməlidir. Lakin "biz avropalılarla danışıqlar üçün qapıları bağlamırıq".

Xatırladaq ki, hələ 2012-ci ildə İranın Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə proqramı haqqında ABŞ və Avropa dövlətləri ilə danışıqlara başlamaq istəyəndə Ali Rəhbər bunun əleyhinə idi. Əli Xamneyi o zaman bəyan etdi ki, Qərb dövlətlərinə inanmaq olmaz. Hələ o zaman Ali Rəhbər bildirdi ki, tarixi təcrübə onu deməyə əsas verir ki, ABŞ-a etibar eləmək olmaz. Lakin sonradan Prezident və Xarici İşlər naziri Ali rəhbəri danışıqların uğuruna inandıra bildirlər. Əli Xamneyi sanksiyaların aradan qaldırılması və İranın nüvə proqramının məhdudlaşdırılması üçün icazə versə də bir daha bu işin İran üçün faydasına inanmadığını bildirdi. Beləliklə, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında razılıq əldə edildi və sənəd imzalandı. Lakin sonradan nə ABŞ, nə də Avropa dövlətləri əldə olunan razılığa əməl etmədilər. İrana qarşı tətbiq olunan sanksiyalar isə nəinki aradan qalxmadı əksinə daha da artırıldı.