Azərbaycan xalçaları bolqarıstanlı qonaqları heyran edib (FOTO)


Digərləri 28 Sen 2019 14:52:16 304 0

Azərbaycan xalçaları bolqarıstanlı qonaqları heyran edib (FOTO)

Xristo İliev Bondjolovun başçılıq etdiyi nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ilə tanış olub.

Bakı. Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolovun başçılıq etdiyi nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ilə tanış olub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, filialın direktoru Rəfiqə Bəşirova qonaqlara xalça istehsalı emalatxanasının fəaliyyəti, burada toxunan xalçalar barədə məlumat verib. Bildirilib ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ötən ilin dekabrında fəaliyyətə başlayıb. Hazırda filialda 70 nəfərdən çox toxucu çalışır. Qeyd olunub ki, burada əsasən Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Fəaliyyət göstərdiyi dövrdə filialda 500 kvadratmetrə yaxın xalça toxunub. Emalatxanada toxunan xalçaların çeşniləri ilə maraqlanan qonaqlara məlumat verilib ki, dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir. Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir.