Nəsimi Festivalı Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb FOTO


Kriminal 28 Sen 2019 14:20:00 237 0

Nəsimi Festivalı Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi ilə öz işinə başlayıb  FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-də Şirvanşahlar Sarayında "İrfani sirlər" adlı sərgi ilə öz işinə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim edilir.

Şirvanşahlar Sarayına gələrkən bu əsrarəngiz məkanın hələ də açılmayan sirləri olduğunu kəşf etmək mümkündür. Geniş otaqlar, nəhəng sütunların arxasında gizlənən zirzəmiyə dar girişlər, sanki nağıllardakı nəhənglər üçün tikilən həddən ziyadə hündür pilləli və dar dəhlizlər insanda belə təəssürat yaradır.

Xəlvətiyyə təriqətinin əsas simalarından olan Seyid Yəhya Bakuvinin türbəsi bu sarayda yerləşir. Xəlvətiyyə dünyadan təcrid üsuludur ki, özünü tanıma və dərk etmək mərhələlərindən keçərək, ruhun bədənlə qovuşması üçün uzun müddət tərki-dünya olunur.

Sərgi iştirakçılarının əsərləri məhz bu şəkildə saray kompleksinin otaqları və dəhlizlərində yerləşdirilib və sanki izləyicini gizli mənəvi mesajı tapmağa dəvət edir. Bu mədəniyyət abidəsinin sərgi məkanı kimi seçilməsi təsadüfi deyil - əsərlər bu yerin hekayələrini izah edir, qədim daşlarda saxlanan xatirələrə bədii şəkildə şərh verir.

Bu sərgi "Reinkarnasiya" incəsənət layihəsinin ideyasından irəli gələrək yaradılıb. Layihə müasir incəsənət vasitəsilə Azərbaycanın mədəni irs abidələrini yenidən canlandırmaq məqsədi daşıyır.

Sərgidə ölkəmizdən Aydan Mirzəyeva, Aysel Əmirova, Eldar Babazadə, Elşən Qaraca, Elşən Sərxanoğlu, Samir Ramazanov, Tural Muxtarzadə, İrandan Habib Saher, Özbəkistandan Sayyora Muin, Türkiyədən Yesim Ağaoğlu əsərləri nümayiş olunub.