Ada dövlətlərinin xilasına görə mənəvi məsuliyyəti sənaye ölkələri daşıyırlar


Dünya 27 Sen 2019 20:49:00 305 0

Ada dövlətlərinin xilasına görə mənəvi məsuliyyəti sənaye ölkələri daşıyırlar

Kiçik ada dövlətləri qlobal istiləşməyə qarşı mübarizədə boş oturmurlar, onlar bu mübarizənin ön cəbhəsindədirlər. Məhz quru sərhədləri olmayan bu ölkələr iqlim dəyişmələrinin nəticələrini öz üzərlərində daha çox hiss edirlər. Onların bəziləri tezlikdə suyun altında qala bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə yüksək nümayəndə Fekitamoyeloa Utoikamanu sentyabrın 27-də BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək kiçik ada dövlətləri üzrə yüksək səviyyəli görüş ərəfəsində bəyan edib.

2014-cü ildə Samoada kiçik ada dövlətləri üzrə beynəlxalq konfransda onların inkişafına dair saziş imzalanıb. Sentyabrın 27-də bütün dünya dövlətləri bu sazişin həyata keçirilməsini və kiçik ada dövlətlərinin dəstəklənməsi istiqamətində gələcək addımları müzakirə edəcəklər. Bir və ya bir neçə ada dövlətində yerləşən ölkələri ada dövlətləri adlandırırlar. Bu ada dövlətləri onları yedirən və xarici aləmlə birləşdirən okean və dənizlərlə əhatə olunub. Dünya okeanlarında ekoloji vəziyyətlə bağlı hər hansı dəyişiklik adalarda həyatın kəskin dəyişməsi deməkdir. Belə ölkələr beynəlxalq birliyin yardımı olmadan salamat qala bilməz.

İnkişaf etməkdə olan kiçik ada dövlətləri, - onların sayı 38-dir, - ilk dəfə ayrıca ölkələr qrupu kimi BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə konfransında tanınıb. Bu ölkələr Karib hövzəsində, Afrikada, Hind okeanında, Aralıq dənizində, Cənubi Çin dənizində və Sakit okeanda yerləşir. Onlar ölçülərinə, uzaq coğrafi mövqelərinə, məhdud daxili resurslarına görə başqa ölkələrdən daha mürəkkəb vəziyyətdədirlər.

İnkişaf etməkdə olan kiçik ada dövlətləri təbii sarsıntılara, həmçinin beynəlxalq bazarların təbəddülatına daha çox məruz qalırlar. Axı onlar xeyli dərəcədə ərzaq, neft və qaz idxalından asılıdırlar. Belə ölkələrin xarici aləmlə quru sərhədləri və deməli, inkişaf etmiş nəqliyyat infrastrukturu yoxdur.

Ada dövlətləri iqlim dəyişmələrinin nəticələrinin ilk qurbanlarıdır. Onların çoxu təbii fəlakətlər qarşısında davam gətirə bilməyəcək. Lap bu yaxınlarda Baham adaları çox güclü "Dorian" qasırğasından ciddi zərər çəkib və o, bütün siyahıda nisbətən firavan ölkədir.