Yanvar-avqust üzrə sığorta bazarının göstəriciləri açıqlanıb


Digərləri 27 Sen 2019 17:38:00 236 0

Yanvar-avqust üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Bakı. 2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sığorta bazarının sağlam, dayanıqlı fəaliyyətinə nail olmaq, beynəlxalq standartlara uyğun tənzimlənmə və nəzarət çərçivəsini qurmaq, habelə sığorta bazarının inkişafını təmin etmək Maliyyə Bazarlarına Nəzarət Palatasının prioritet hədəflərindəndir. Sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər sığorta haqlarının artımını stimullaşdırır. Belə ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 175.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Könüllü sığorta bazarı üzrə haqlar 315.6 mln. manat, ödənişlər isə 124.1 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 154.2 mln. manat, ödənişlər isə 51.4 mln. manat olub. 2019-cu ilin yanvar-avqust aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.2%-i könüllü, 32.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.7%-i könüllü, 29.3%-i icbari sığorta növləri hesabına formalaşıb. Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və ya 0.9 mln. manat), həm də icbari sığorta növlərində (7% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və ya 8.8 mln. manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və ya 4.8 mln.manat artım) üzrə olub.