Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi yeniləndi


Digərləri 27 Sen 2019 14:27:00 255 0

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi yeniləndi

Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrinin yenilənməsi, müştərilərə xidmətin müasir bankçılıq standartlarına uyğun qurulması prosesi davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bankın Mərdəkan şöbəsinin binası da əsaslı təmir və yenidənqurmadan sonra müştərilərin istifadəsinə verilib.

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsi - 8A ünvanında xidmət göstərir. Bankın vahid korporativ üslubuna uyğunlaşdırılaraq müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: "Filial və şöbələrimizin yenilənməsi prosesi davam etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini də əhatə edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini təmin etmək, onların məmnunluğuna nail olmaqdır".