“Fədayənin həbs edilməsində günahkar mənəm”


Digərləri 27 Sen 2019 13:59:00 192 0

“Fədayənin həbs edilməsində günahkar mənəm”

Fədayə Laçının həbsindən sonra o, mediada görünməməyə başladı. Dəfələrlə zəng edib, müsahibə üçün razı salmağa çalışırdıq. Hər dəfə "Gələn həftə" deyərək, vaxtı uzadırdı. Bu dəfə isə necə deyərlər, əlimizdən qaça bilmədi.

Son.az bildirir ki, uzun müddət susqunluqdan sonra ilk müsahibəsini Axşam.az-a verən tanınmış müğənni İlahə Fəda söhbət zamanı həbsxanada olan bacısı Fədayə Laçından, şəxsi həyatından və hazırkı durumundan danışdı:

- İnsanlar İlahə Fədanı müğənni kimi Fədayə Laçına görə tanımayıb. Amma İlahə Fəda Fədayə Laçına görə səhnədən getdi...

-  Fədayədən əvvəl mən getmişdim, bacım hər gün efirlərdə, konsertlərdə, məclislərdə idi. Bir az uzaqlaşmışdım. Son vaxtlar isə belə təəssürat yaranıb ki, səhnədən bacımla birlikdə getdim. Fədayənin vəziyyəti hamıya bəllidir, oxuya bilmir. Mənim isə əlim-qolum açılmır. Heç vaxt sənətdən getməmişəm. Əvvəllər də efirlərdə görünmürdüm, amma xaricdə konsertlər verirdim. Reklam etmirdim deyə, insanlar mənim getdiyimi düşünürdü. İndi gördüyün işləri reklam edirsən ki, toy tutasan. Mən isə toya getmirdim deyə, reklama ehtiyac görmürdüm.

- Bəlkə sizi qınaqlar qorxudur?

- Nədənsə qorxan insan deyiləm. Sadəcə, oxumaq əhvalında deyiləm, ürəyim açılmır.

- Bəs darıxmırsız? Heç evdə də zümzümə etmirsiz?

- Niyə darıxmıram... Adamın lap ciyəri də sökülür. İnanın ki, heç evdə də zümzümə etmirəm. Ancaq ürəyimdə oxuyuram. Hələ vaxtı deyil... Qismətə inanan insanam. Hər şeyin öz vaxtı olduğuna inanıram. Yəqin bir gün ürəyimin səsi ilə oxuyacam.

- Yəqin sizi tez-tez verilişlərə dəvət edirlər...

- Bütün kanallardan zənglər gəlir. Saytların əməkdaşları yığırlar. Amma hələ istəmirəm. Fədayə də məni danlayır, yalvarır ki, çıx oxu. Deyir, "Bacı, məni susdurublar, səsimi kəsiblər. Heç olmasa, sən oxu. Hər dəfə verilişlər başlayanda gözüm qalır ki, indi bacım çıxacaq efirə".

- Söhbət zamanı dediniz ki, yeni mahnı hazırlayırsınız...

- Gövhər Həsənzadə gözəl mahnı yazıb. Onu hazırlayacam. Möhtəşəm bir mahnıdır. "Mən səni sevdim" adlanır... Cavanşir Quliyevdən də "Min bir gecə" adlı mahnı oxumuşam.

- Səhnədən uzaqlaşdınız, bəs, toy məclislərindən? Şou proqramlar, konsertlər, dəvətlər olur?

- Məni çaşdıran mövzudur. Əvvəldən toy məclisinə çox qatılan adam olmamışam. Repertuarımda yüngül mahnılara yol verməmişəm. Amma məclisə, toya məni istəyən olanda, dostlarımın dəvətini qəbul edirdim. Son vaxtlar dəvət etmirlər. Bəzi insanlar bacım həbs olunandan sonra bizdən qorxdular. İllərlə məni məclisinin başına keçirənlər, rayona gedəndə ayağımızın altında qurban kəsənlər bizdən uzaqlaşdı. Qorxdular ki, onları da həbs edəcəklər. Savadsızlıqdan, etibarsızlıqdan irəli gəlir. Fədayənin bacısıyam, bir dəfə məni istintaqa çağırmadılar. Sən mənim ailə dostumsan, zəng vurub halımı soruşsan, həbs olunacaqsan? Bir çox insanda qorxu yarandı. Yaxşı oldu, maskalar düşdü.

Hətta bir dəfə şou-proqrama çağırılmışdım. Sevindim ki, həm pul qazanacam, həm də yaşadığım şokdan sonra əhvalım açılar. Cənub bölgəsində idi, siyahını məkanın sahibinə göstəriblər. Siyahıda adımı görəndə, qayıdıb ki, kriminal adamlar bizə lazım deyil. Mən hara, kriminal aləm hara? Nə vaxt kiminsə toyuğuna daş atmışam? Heç yadınıza düşür hansısa bir sənət adamı ilə sözüm çəpləşsin? Toylarda dava salmamışam...

- Müğənnilərin gəliri toydan, şou-proqramdandır. Bəs, indi necə dolanırsınız?

- Pul söhbətlərindən xoşum gəlmir. Özümün balaca biznesim var. Cüzi gəlirim olur. Əvvəl böyük biznesim var idi, əlimdə saxlaya bilmədim. Bir də sağ olsun, sənət adamları, dəstək oldular. Heç kimin haqqını yemək olmaz. Ən birinci Manaf Ağayev çatdırdı özünü. Röya, Ədalət Şükürov, Nadir Qafarzadə, gənc ifaçılar, Tolik bizə kömək etdi. İndi də yada salanlar var. Kooperasiya Universitetini bitirmişəm, orada qrup yoldaşım var idi. Kanadada yaşayır, məni axtarıb tapıb. O da mənə dəstək oldu.

Bir sənət adamı var, kişidir. Adını çəkməyəcəm, istəmirəm hörmətdən düşsün. Ona zəng etdim, məni xəyal qırıqlığına uğratdı. Heç gözləmirdim. Fədayə həmin adamın fanatı idi. Ona qulaq asa-asa sənəti sevmişdi.

Fədayənin himayəsində idi ailəm. Mən müflis olmuşdum. Ailə təkcə məndən ibarət deyildi. Fədayə də elə olandan sonra, çox ağır günlər keçirdik. Hələ də davam edir, buna da şükür. Bu da bir dərsdir. 

Fədayə çox əliaçıq idi. Qazandığını dağıdırdı. Deyirdim, Fədayə, bu adamın haqqı bu qədərdi. Pul verirsən, üstünə az əlavə et, ikiqat yox. Etmirdi.

- Bilirik ki, bütün ailə üzvləriniz bir evə yığışıb...

- Fədayənin evinə köçdüm. Anam, bacılarım və Fədayənin oğlu bir yerdə qalırıq. Çətin günlərdə ailə birləşməlidir.

- Fədayə Laçınla görüşürsünüz?

- Hər həftənin şənbə günü görüş günüdür. Həftədə iki dəfə zəng edir. Əgər maddi imkanımız yol verirsə, gedib onu görürük. Gedə bilməyəndə isə telefonla danışırıq. Fədayənin tək istəyi azadlığa çıxmaq və oxumaqdır. Mənim bacım sənətkardır. Bunu onun bacısı olduğum üçün yox, bir musiqiçi kimi deyirəm. Orada oxuyur... Deyir, bacı, burada nə qədər dərdli insan var. Oxuyuram, birinin təzyiqi düşür, birinin şəkəri qalxır. Bacım şeirlər də yazır.

- Sənət dostlarından kimlər Fədayə Laçını həbsxanada ziyarət edib?

- Ailə üzvlərindən başqa insanların görüşməsinə icazə yoxdur. Getmək istəyənlər çoxdur, qanun buna icazə vermir. Bu yaxınlarda şəkli yayılmışdı. Bacım qəşəng idi, indi də lap gözəlləşib. Hərəkətsizlikdən kökəlib.

- Bir az hadisələrin əvvəlinə qayıdaq... Fədayə Laçının həbsi necə oldu?

- İnsanlarda bir fikir yarandı: Fədayə qanundan qaçıb. Fədayəni həbs etməzdən əvvəl iki dəfə çağırıb, dindiriblər. Üçüncü dəfə dindirilməyə çağrılanda həbs edilib. Bacım heç vaxt polisdən yayınmayıb, öz ayağı ilə gedib ora. İnanmayıb ki, həbs olunar. Düşünməyib ki, bir cinayət törədib. Ona görə də bizdən gizlədib ki, narahat olmayaq. Fədayənin həbs olunmasını mediadan öyrəndim. Mənə jurnalistlər zəng edəndə bildim. Şok oldum...

- Həbsxanaya düşəndən sonra yəqin bir müddət görüşmədiniz. İlk görüşəndə ona nə sual verdiniz?

- Bir müddət görüşə icazə yox idi. Heç bir sual vermədim, susdum və qucaqlaşıb ağlaşdıq. Nə edim? Durub, onu danlayacam? Biz dörd bacı, bir ana və dörd oğul nəvəsindən ibarət ailəyik. Birimizin başı ağrısa, hamımız onun yanına yığışırıq. Fədayənin də doğruları və yanlışları ilə arxasındayıq. Danlamaq yox, amma təəssüflərimi bildirirəm.

- Məhkəmələrə gedirdiz?

- Bacım istəmirdi, getmirdim. Bir dəfə getdim, qapalı keçirildiyi üçün içəri buraxmadılar. Həm də çəkinirdim... Emosional insanam, çəkinirdim ki, kiminsə qəlbinə dəyəcək söz deyərəm.

- Həbsxana həyatından nə danışır? Ona qarşı münasibət necədir?

- Hər zaman otaq yoldaşlarından danışır. Ona qarşı münasibət yaxşıdır. Təəccüb içindədir, hələ də ona çatmır ki, oradadır. Hərdən söhbət edir ki, bacı, burada elə dəhşətli talelər var... Halımıza şükür edək. Fədayə ilə aramıza həsrət girmir.

- Fədayə Laçının həbsindən sonra efirə çıxıb ondan danışanlar da oldu...

- Kimlərsə gündəmə gəldi. Əsəbiləşirdim, sonra cılızlığını gördüm. Nə qədər zəif, mənəviyyatdan uzaq biri imiş...

- Deyəsən, ən çox da duet ortağı Tacir Şahmalıoğlu sizi qıcıqlandırdı. Onun "Fədayə Laçının müəllimi olmuşam" sözləri sizi əsəbiləşdirmişdi...

- Boynuna alıb da müəllimliyini... Yaxşı müəllim olub ki, Fədayə indi həbsdədir. O, məxluq haqda son sözüm budur. Onun haqqında danışmaq istəmirəm. Onun üçün mənim onun haqqında danışmağım çox olar. Beynimi, nəfəsimi, sözlərimi həmin aşağısəviyyəli adama sərf etmək istəmirəm. Mənim həmin insana münasibətim Fədayə həbs olunandan sonra dəyişməyib. Əvvəldən ona qarşı düşüncəm belə olub.

- Fədayə Laçın həbs olunandan sonra onun "Qoca" ləqəbli Etibar Məmmədovla sevgili olduğu ortaya çıxdı...

- Sevgi mövzusunda danışmayacam. Kimi buna sevgi, kimi dostluq deyir. Ən yaxşısını Fədayə bilir. Bacılarımız arasında bir pərdə var. Onun efirə çıxmağını görür, telefonla halını soruşurdum. Amma onun özəl həyatından xəbərsiz idim.

- Həmin şəxslə münasibətindən xəbəriniz olmayıb?

- Yox. Heç Fədayə ilə də həmin adam haqqında danışmamışam, heç danışmayacam da.