Gürcüstanda azərbaycanlılar yaşayan kəndə qazpaylayıcı xətt çəkilib (FOTO)


Digərləri 27 Sen 2019 12:54:38 249 0

Gürcüstanda azərbaycanlılar yaşayan kəndə qazpaylayıcı xətt çəkilib (FOTO)

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib.

Bakı. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib. SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub. Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Prezidentinin Kvemo-Kartli vilyaətində səlahiyyətli nümayəndəsi Şota Rexviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin təntənəli açılış mərasimi keçirilib. Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilmiş və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılmışdır. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə edib. 86 ailənin evi artıq qazlaşdırılmışdır. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir. Daha sonra SOCAR-ın rəhbərliyi Marneuli rayonunun ağsaqqalları və yerli icma nümayəndələri ilə görüşüb. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layilər barədə müzakirə aparılıb, Gürcüstanın Azərbaycan icmasının sosial problemləri, o cümlədən qonşu ölkədə təhsil alan yerli azərbaycanlıların təhsil sahəsində üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açılıb, ağsaqqalların təklifləri dinlənilib.