Bakı Ali Neft Məktəbi "LUKOYL" şirkəti ilə əməkdaşlığa başladı


Digərləri 27 Sen 2019 11:54:00 244 0

Bakı Ali Neft Məktəbi "LUKOYL" şirkəti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbində (BANM) "LUKOYL" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə şirkətin Təşkilati inkişaf və karyera idarəçiliyi departamentinin rəhbəri Yuri Piktovnikov, Aktivlər üzrə meneceri Vitali Kuzneçov, "LUKOYL-Azərbaycan" QSC-nin rəhbəri Abdullin Aydar iştirak edib.

BANM-in kampusu ilə tanış olan qonaqlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

Görüşdə Bakı Ali Neft Məktəbi (BANM) adından çıxış edən Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov qonaqları Ali Məktəbin rektoru Elmar Qasımovun adından salamlayıb. O, nəinki Qafqaz regionunda, hətta, bütün dünyada neft-qaz sektorunun aparıcı şirkətlərindən olan və həmvətənimizin rəhbərlik etdiyi "LUKOYL" şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Z.Qurbanov neft-qaz sektoru üçün yüksək ixtisaslı ingilisdilli mühəndis kadrları hazırlayan BANM-in bu sahə üzrə yerli, transmilli və beynəlxalq şirkətlərlə partnyorluq əlaqələrinin olduğunu qeyd edib. Dekan tələbələrin həmin şirkətlərdə istehsalat təcrübəsi keçməsilə yanaşı, karyera da qurduqlarını diqqətə çatdırıb.

"Transmillli şirkət kimi, "LUKOYL" ilə sıx əməkdaşlığa maraqlıyıq. Biz çox istərdik ki, tələbələrimizin "LUKOYL"-da  istehsalat təcrübəsi keçməsinə, məzunlarımızın isə işlə təminatına nail olaq. Bundan başqa, birgə elmi-tədqiqatların aparılmasında Ali Məktəbimizin alimlərinin potensialından yararlanmaq mümkündür. Eyni zamanda, şirkətin mütəxəssisləri iş təcrübələri ilə bağlı BANM-də treninqlər də təşkil edə bilərlər" - deyə Z.Qurbanov əlavə edib.

"LUKOYL"-un Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərdiyini bildirən Təşkilati inkişaf və karyera idarəçiliyi departamentinin rəhbəri Yuri Piktovnikov şirkətin Xəzərin Azərbaycan sektorunda ən böyük yataqlardan biri olan Azəri-Çıraq-Günəşli neft yatağında ilk beynəlxalq layihəsini reallaşdırdığını vurğulayıb. O bildirib ki, "LUKOYL"  Azərbaycanda fəaliyyətə başlamış Rusiyanın böyük biznes strukturlarından ilkidir. SOCAR-la geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən Y.Piktovnikov BANM-in uğurlu təcrübəsindən yararlanaraq, gələcəkdə "LUKOYL" şirkətinin də bazasında ali təhsil müəssisəsinin yaradılacağı barədə məlumat verib.