Təhsilin növbəti pilləsində fənlərin sayı azaldılarsa...


Digərləri 27 Sen 2019 07:41:00 252 0

Təhsilin növbəti pilləsində fənlərin sayı azaldılarsa...

Ekspert hesab edir ki, ixtisaslaşması dövrün tələbidir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Təhsilin təmayüllər üzrə təşkili, ixtisasa uyğun fənlərin azaldılması ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ciddi addımlardan biri kimi qiymətləndirilir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili hələ 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" qanununda təsbit edilsə də, prosesin həyata keçirilməsinə son illər pilot layihə və eksperiment olaraq başlanıb. Belə ki, müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə bilik və bacarıq səviyyəsi ilə fərqlənən şagirdlərin potensial imkanlarının, meyl və maraqlarının reallaşmasına, onların ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən təmayülləşmə prosesi artıq ilkin "imtahan"dan çıxaraq təhsil sahəsinə vəsiqə qazanıb. Pilot layihələrin həyata keçirilməsindən sonra yaranan ilkin rəylər -  tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması, təmayül fənlərinin tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarının nəzərəçarpacaq dərəcədə artırılması və beləliklə də təhsilin şagirdlərin meyl və maraqları əsasında təşkili, həm şagirdlər, həm də valideynlər tərəfindən müsbət qarşılanır. Həmçinin təmayülləşmənin tətbiqi ilə repetitor xidmətindən istifadə hallarının tam olmasa da, qismən aradan qaldırılması ehtimalı yaranıb.

Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanlarının mövcudluğu ilə bağlı təhsil naziri Ceyhun Bayramovun Təhsil İşçilərinin Respublika Konfransında səsləndirdiyi fikirlər isə təkcə məsələnin əhəmiyyətini yenidən qabartmayıb, prosesi daha da sürətləndirib. Nazir qeyd edib ki, təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir".

Ekspertlər tərəfindən bu tip islahatlar təhsil sahəsində uğura gedən optimal yol hesab olunur. Bununla belə, problemlər də yox deyil. Təmayülləşmənin zərurətdən yarandığını deyən Əməkdar müəllim Almaz Həsrətin fikrincə, indiyə qədər şəhər məktəblərinin təhsilinə, rayon və ya kənd məktəblərinin təhsilindən daha çox diqqət yetirilib: "Mərkəzə yaxın olan məktəblərdə təmayülləşmənin tətbiqinə, əlavə dərs saatları və hazırlıqlara daha çox diqqət ayrıldığına rəğmən, bölgə məktəblərini də unutmamalıyıq. Məlumatımız var ki, valideynlər, övladlarının müəyyən bir ixtisası dərindən mənimsəməsi üçün əlavə müəllim yanına və ya mərkəzə gətirirlər. Bunun da müqabilində bölgədə yaşayan ailə mərkəzə gələrək mənzil kirayələyir ki, övladını müəyyən liseydə və ya təmayüllü siniflərdə oxutdursun və istədiyi nəticəni əldə etsin. Həm məkan, həm vaxt dəyişikliyi və s. səbəblər ailə daxilində müəyyən çətinliklərin yaranmasına səbəb olur. Bu çətinliklərin də qarşısının alınması üçün nazir tərəfindən əhəmiyyətli fikir irəli sürülüb. Bu təşəbbüs bölgələrdə məktəblər daxilində təmayüllü siniflərin yaradılması ilə fənlərin tədrisinin daha çox keçirilməsinə diqqətin ayrılmasından ibarətdir".   Ekspertin fikrincə, artıq bölgələrimizdə şagirdlərin gələcəyə hazırlanan bilik, bacarıq və potensialının artırılması üçün onların istəkləri də nəzərə alınır: "Onlar artıq Bakı şəhərinə və ya şəhər və rayon mərkəzlərinə axın etməyəcəklər. Öz oxuduqları məktəbdə və ya ona yaxın yerlərdə təmayül sinfinin yaradılmasından sonra seçimlərinə uyğun olaraq, təhsillərini davam etdirə bilərlər".   A.Həsrətin sözlərinə görə, təmayül siniflərinin yaradılmasında önəmli cəhətlər çoxdur: "Hər bir fənn insanın həyatında önəmlidir. Yəni bütün fənlərin öyrənilməsi və mənimsənilməsi vacibdir. Ancaq sırf ali məktəbə hazırlığa gələndə, əlavə yükləmələr olmasın deyə, onda təmayül sinfi şagirdlərin yükünün azalmasına kömək göstərəcək. Şəhər məktəblərində tətbiq olunan təmayül siniflərində olduğu kimi, bölgədəki məktəblərdə də şagirdlərinin seçəcəkləri ixtisaslara uyğun dərs saatlarının daha çox keçirilməsi, onlara köməklik göstərəcək".   Qeyri-təmayül siniflərinə gəlincə, ekspert bildirir ki, texniki-peşə təhsilini seçən və ali təhsil almaq istəməyən şagirdlər təhsillərini bu siniflərdə davam etdirə bilərlər: "Ancaq öz qarşısına ali məktəbə daxil olmaq məqsədini qoyan şagirdlər isə təhsillərini təmayül siniflərində davam etdirə bilərlər. Bu, onların ixtisasına lazım olan fənnin daha dərindən öyrənilməsinə şərait yaradır ki, öz arzularına nail olsunlar".